MƏDƏNİYYƏT
Nizami Kino Mərkəzində “Xoxan”ın qala-gecəsi keçiriləcək
Bakı, 4 dekabr, AZƏRTAC
Dekabrın 8-də Nizami Kino Mərkəzində “Xoxan” milli komediya filminin qala-gecəsi keçiriləcək.
Kino mərkəzindən AZƏRTAC-a bildirilib ki, filmin rejissoru Samir Kərimoğludur. Əsas rolları Fərda Amin, Elməddin Cəfərov, Nigar İbrahimova, Ələsgər Məmmədoğlu, Şəhriyar Əbilov, Aynur Hüseyn, Nərgiz Zamir və başqaları canlandırırlar.
“Xoxan” filmi zəngin bir qadının qızının bədəninə cin girməsindən bəhs edir. Bu bəladan qurtarmaq üçün qadın yaşadıqları villanı satmaq qərarına gəlir. Amma cin bu işin alınmasına mane olur. Villanın satışı ilə məşğul olan adam cinin qızın bədənindən qovulmasını yüz min manat pul mükafatı qarşılığında iki məşhur baxıcı - fırıldaqçı Rəftar və Qəhrəmana təklif edir. Sonra nələrin baş verəcəyini heç kim bilmir...
Tamaşaçını “gülməkdən öldürəcəklərini” vəd edən filmin yaradıcı qrupu sözlərini tutacaqlarına əmindirlər.
Qala-gecəsində filmin rejissoru Samir Kərimoğlu və yaradıcı heyət iştirak edəcək.
Yaradıcı heyətlə görüş və filmin nümayişi Nizami Kino Mərkəzinin iki zalında baş tutacaq.
Qala-gecəsi haqqında ətraflı məlumatı Nizami Kino Mərkəzinin “facebook” səhifəsindən öyrənmək olar.