SİYASƏT
NOYABRDA BAKIDA İSLAM KONFRANSI TƏŞKİLATININ 40 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ BEYNƏLXALQ ELMİ KONFRANS KEÇİRİLƏCƏKDİR
Bakı, 21 oktyabr (AZƏRTAC). İslam Konfransı Təşkilatı Xarici İşlər Nazirlərinin 2008-ci il sentyabrın 26-da Nyu-Yorkda keçirilmiş illik əlaqələndirmə görüşündə qəbul edilmiş müvafiq qərara əsasən, təşkilatın yaradılmasının 40 illik yubileyi münasibətilə 2009-cu ildə üzv ölkələrdə yubiley tədbirləri həyata keçirilir.
Azərbaycanın İslam Konfransı Təşkilatı çərçivəsində müxtəlif sahələr üzrə nazirlər və digər səviyyələrdə bir çox mötəbər tədbirlərə ev sahibliyi etməsi ənənəvi hala çevrilmişdir.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, İslam Konfransı Təşkilatı ilə əməkdaşlıq çərçivəsində atılmış növbəti addım kimi, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyası İslam Konfransı Təşkilatı baş katibliyi ilə birgə bu qurumun yaradılmasının 40 illik yubileyi münasibətilə noyabrın 11-12-də Bakıda “Sivilizasiyalararası dialoq: Azərbaycandan baxış” mövzusunda beynəlxalq elmi konfransın keçirilməsini planlaşdırmışlar.
İslam Konfransı Təşkilatının baş katibi Ekmələddin İhsanoğlunun, həmçinin çox sayda xarici və yerli elm xadimlərinin iştirakı nəzərdə tutulan konfransda dini və mədəni müxtəliflik, bu sahədə Azərbaycanın təcrübəsi, dinlərarası dialoqun qarşılaşdığı problemlər və İslam geosiyasəti kimi mövzular üzrə elmi müzakirələr aparılacaqdır.