SİYASƏT
NÜFUZLU “KUWAIT TIMES” QƏZETİNDƏ “HEYDƏR ƏLİYEV: AZƏRBAYCANIN ÜMUMMİLLİ LİDERİ” SƏRLÖVHƏLİ GENİŞ MƏQALƏ DƏRC EDİLMİŞDİR
Bakı, 11 may (AZƏRTAC). Azərbaycanın Küveytdəki səfirliyindən bildirmişlər ki, ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə səfir Şahin Abdullayevin körfəz regionu və Yaxın Şərqin aparıcı gündəlik ingilisdilli qəzeti olan “Kuwait Times”da “Heydər Əliyev: Azərbaycanın ümummilli lideri” sərlövhəli geniş məqaləsi dərc edilmişdir.
Məqalədə səfir Azərbaycan xalqı tərəfindən hər il dərin hörmət və sevgi hissi ilə ulu öndər Heydər Əliyevin anadan olmasının ildönümünün qeyd edildiyini vurğulayır, dərin zəka, bilik, təcrübə və uzaqgörənliyə malik bir dövlət xadimi və şəxsiyyət kimi ümummilli liderin şərəfli həyat yolu barədə oxuculara ətraflı məlumat verir.
Ümummilli lider Heydər Əliyevin dövlət təhlükəsizlik orqanları, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi və Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi mühüm vəzifələrdə çalışdığını qeyd edən müəllif, qətiyyətli iradəyə malik bir şəxsiyyət olaraq Heydər Əliyevin 1987-ci ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun siyasətinə etiraz edərək vəzifəsindən istefa verdiyini diqqətə çatdırır.
Ulu öndərin Azərbaycan SSR-ə rəhbərliyi dövründə respublikamızın siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrdə mühüm inkişafa imza atdığını və sovet dövlətinin ən inkişaf etmiş respublikalarından biri olduğunu yazan diplomat, SSRİ-nin yüksək siyasi rəhbərliyində mühüm vəzifə tutmuş yeganə müsəlman kimi Heydər Əliyevin ərəb-müsəlman dünyasının yaxın dostu olduğunu və onun üzləşdiyi problemlərin həllinə daim töhfələr verdiyini və yardım etdiyini vurğulayır.
Məqalədə 1990-cı il 20 Yanvar faciəsi ilə bağlı xalq ilə birlikdə Moskvada Azərbaycan nümayəndəliyi qarşısında sovet hökumətinin qanlı siyasətinə etiraz edən Heydər Əliyevin 1993-cü ildə xalqın təkidi və istəyi ilə müstəqilliyini itirmək təhlükəsində olan Azərbaycanın rəhbərliyinə qayıtdığı qeyd olunur.
Belə bir çətin və gərgin zamanda hakimiyyətə gələn Heydər Əliyevin uzaqgörən siyasəti, müdrikliyi və bacarığı sayəsində Azərbaycanın qısa müddətdə problemləri arxada qoyaraq, davamlı inkişaf mərhələsinə qədəm qoyduğu bildirilir.
Ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərinin nəticəsi olaraq, Azərbaycanda mərkəzi hakimiyyətin gücləndiyi, xarici əlaqələrin genişləndiyi, demokratikləşmə prosesinin başlandığı, ölkəmizin yeni neft strategiyasının əsasının qoyulduğu, “Əsrin müqaviləsi”nin imzalandığı və tarixi İpək Yolunun bərpa olunduğu oxucuların diqqətinə çatdırılır.
Heydər Əliyevin müəllifi olduğu neft strategiyası haqqında ətraflı məlumat verən səfir, bu siyasətin nəticəsində bu gün neft və qaz ixrac kəmərləri şəbəkəsi vasitəsilə ölkəmizin Şərq-Qərb enerji dəhlizində və Avropanın enerji təhlükəsizliyində aparıcı rol oynadığını nəzərə çatdırır.
Məqalədə bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın ümummilli lideri Heydər Əliyevin siyasi kursuna sadiq qalaraq dinamik inkişaf edən ölkə olduğu, dövlətimizin başçısı tərəfindən uğurla davam etdirilən siyasi, iqtisadi islahatlar və fəal xarici siyasətin nəticəsində respublikamızın regionda lider dövlətə çevrildiyi qeyd olunur.
######