ELM VƏ TƏHSİL
Oğuz rayonunda 3 yeni məktəb binası istifadəyə verilmişdir
Oğuz, 16 sentyabr (AZƏRTAC). Yeni dərs ilinin ilk günündə Oğuz rayonunun Qumlaq kəndində 360, Sincan kəndində 220, Ərmənət kəndində isə 180 yerlik yeni məktəb binaları müəllim və şagirdlərin istifadəsinə verilmişdir.
AZƏRTAC xəbər verir ki, dövlət vəsaiti hesabına müasir standartlara uyğun inşa edilən yeni məktəb binalarında tədrisin keyfiyyətlinin yüksəldilməsi, şagirdlərin hərtərəfli təhsil almaları üçün hər cür şərait yaradılmış, məktəblər zəruri inventar və avadanlıqla təchiz edilmişdir.
Açılış mərasimlərində çıxış edənlər ölkəmizdə təhsil sahəsinin inkişafına göstərilən yüksək dövlət qayğısından danışmış, müəllim və şagirdlərə yeni dərs ilində yüksək nailiyyətlər arzulamışlar.
Ziyalılar, pedaqoji kollektivlərin üzvləri çıxış edərək kənd yerlərində müasir tələblərə cavab verən belə təhsil ocaqlarının, sosial obyektlərin istifadəyə verilməsinin ölkəmizin artan iqtisadi qüdrətinin bariz nümunəsi olduğunu vurğulamışlar.
Yeni dərs ilinin başlanması münasibətilə sentyabrın 16-da Oğuz rayonunun 34 ümumtəhsil məktəbində ilk zəng mərasimləri keçirilmişdir. Bu tədris ilində rayonun məktəblərində 6 min 200 nəfərə yaxın şagird təhsil alacaqdır. Birinci sinfə qədəm qoyan şagirdlərin sayı isə 525 nəfərdir.
Son illər Oğuz rayonunda da təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. On il ərzində rayonda müxtəlif maliyyə mənbələri hesabına 15 yeni məktəb binası istifadəyə verilmiş, 2 məktəb binası əsaslı təmir olunmuşdur. Yaxın günlərdə rayonun Yaqublu kəndində 220, Qarabulaq kəndində isə 160 yerlik yeni məktəb binalarının tikintisinə başlanılması nəzərdə tutulmuşdur.