CƏMİYYƏT
Oğuz rayonunda əvvəllər məhkum olunmuş şəxsin evindən 1 kiloqram 600 qram narkotik vasitə aşkarlanıb
Bakı, 15 sentyabr, AZƏRTAC
Daxili işlər orqanlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini qətiyyətlə həyata keçirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Oğuz rayonunun Bayan kəndində yaşayan əvvəllər məhkum olunmuş E.Cabbarovun evinin həyətindən 1 kiloqram 600 qram marixuana aşkarlanıb.
Davam etdirilən tədbirlərlə onun Calut kəndində kultivasiya yolu ilə yetişdirdiyi 278 ədəd çətənə kolu da aşkarlanaraq götürülüb.
Faktla əlaqədar təhqiqat aparılır.