SİYASƏT
Ölkəmizdə gənclər siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur
Bakı, 10 may (AZƏRTAC, Raisə Abbasova). Azərbaycanda əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti hazırda daha qətiyyətlə həyata keçirilir.
Bu sözləri mayın 10-da Ümummilli Liderin 91 illiyi münasibətilə Fəxri xiyabana gəlmiş “Bakı” futbol klubunun məşqçisi Məqsəd Yaqubəliyev AZƏRTAC-a müsahibəsində demişdir.
Bildirmişdir ki, Ulu Öndər gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirmiş, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm vermiş, bu siyasəti müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirmişdir.
Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev Ulu Öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan bu sahəyə böyük diqqətin nəticəsidir.