MƏDƏNİYYƏT
Opera və Balet Teatrında “Məhəbbət Tanqosu” baletinin premyerası olacaqdır
Bakı, 11 may (AZƏRTAC). Mayın 14-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında “Məhəbbət tanqosu” baletinin premyerası olacaqdır.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, tamaşanın quruluşçu baletmeysteri tanınmış rusiyalı xoreoqraf, Rusiyanın Xalq Artisti Liliya Sabitovadır. Baletmeyster böyük sevgi və nifrət, sevimli qadına sahib olmaq uğrunda mübarizə, amansız intiqamdan bəhs edən xoreoqrafik dram yaratmışdır. Bütün bu hadisələr alovlu və coşqun tanqo stilində təqdim ediləcəkdir.
Tamaşada əsas partiyaları Azərbaycanın Xalq artistləri Kamilla Hüseynova, Gülağası Mirzəyev, Əməkdar Artist Samir Səmədov və Veronika Arazova ifa edəcəklər.
Yeni baletin baxımlı kostyum və dekorasiyaları, gözəl musiqisi və zəngin xoreoqrafiyası heç şübhəsiz ki, tamaşaçılar tərəfindən bəyəniləcək və onların xatirəsində silinməz izlər buraxacaqdır.