İQTİSADİYYAT
ÖTƏN İL SOSİAL-İQTİSADİ SAHƏ DİQQƏTƏLAYİQ NAİLİYYƏTLƏRLƏ YEKUNLAŞIB
AZƏRTAC xəbər verir ki, fevralın 17-də Abşeron Rayon İcra Hakimiyyətinin hesabat yığıncağı keçirilmişdir.
Tədbirin iştirakçları əvvəlcə Xırdalan şəhərinin mərkəzi meydanında ümummilli lider Heydər Əliyevin abidəsi önünə əklil və gül-çiçək dəstəsi qoymuş, ulu öndərin xatirəsini ehtiramla anmışlar.
Sonra iştirakçılar Xırdalan şəhər mədəniyyət evinin foyesində rayonda istehsal edilən məhsulların sərgisi ilə tanış olmuş, tikinti-quruculuq işlərindən bəhs edən sənədli filmə baxmışlar.
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov 2006-cı ildə rayonda görülmüş işlər və qarşıda duran vəzifələr barədə hesabat məruzəsi ilə çıxış etmişdir. Ötən il Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin sosial-iqtisadi həyatının bütün sahələrində qazanılan uğurları konkret faktlarla xatırladan məruzəçi, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramından irəli gələn vəzifələrin Abşeron rayonunda da müvəffəqiyyətlə həyata keçirildiyini bildirmişdir.
Qeyd edilmişdir ki, Prezident İlham Əliyevin ötən il sentyabrın 12-də Xırdalana gəlişi, ulu öndər Heydər Əliyevin abidə kompleksinin və muzeyinin, eləcə də rayon tarix-diyarşünaslıq muzeyinin açılışında, 1296 şagird yeri olan məktəb binasının təməlqoyma mərasimində iştirakı abadlıq və quruculuq işlərinə vüsət vermişdir.
Keçən il rayonda məhsul istehsalının artımı, işsizlik probleminin aradan qaldırılması üçün yeni müəssisələrin, sosial obyektlərin istifadəyə verilməsi sahəsində xeyli iş görülmüşdür. Sahibkarlığın inkişafına xüsusi diqqət yetirilmiş, məhsul istehsalında qeyri-dövlət sektorunun xüsusi çəkisi artmışdır. Xırdalan şəhərində, ayrı-ayrı kənd və qəsəbələrdə səhiyyə ocaqları və təhsil müəssisələri əsaslı təmir olunmuş, əhalinin elektrik enerjisi, qaz və digər kommunal xidmətlərlə təminatı sahəsində mühüm işlər görülmüşdür. Əhalinin elektrik enerjisi ilə təminatında çətinliklər yaşandığı da qeyd edilmiş, problemin aradan qaldırılması üçün konkret tapşırıqlar verilmişdir.
Yığıncaqda qarşıda duran təxirəsalınmaz vəzifələrdən də geniş danışılmışdır. Bildirilmişdir ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq qarşıdakı illər ərzində yerli sənaye müəssisələrinin fəaliyyətinin bərpası, əhalinin fasiləsiz olaraq elektrik enerjisi və təbii qazla təmin edilməsi sahələrində mühüm işlər görüləcəkdir.
Hesabat yığıncağında Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov iştirak etmişdir.