İQTİSADİYYAT
Ötən ilin altı ay ərzində “Azerspace-1” peykindən 10 milyon ABŞ dolları həcmində gəlir əldə olunmuşdur
Bakı, 8 fevral (AZƏRTAC). Azərbaycanın ilk süni peyki “Azerspace-1”in üç ay gec kommersiya fəaliyyətinə başlamasına baxmayaraq ötən ilin altı ay ərzində 10 milyon ABŞ dolları həcmində gəlir gətirmişdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov jurnalistlərə müsahibəsində demişdir.
Ə.Abbasov bildirmişdir ki, əldə olunan gəlirlərin təxminən 95 faizi ixrac resursları ilə, yəni, xarici ölkələrdən əldə olunan gəlirlər hesabına qazanılmışdır. Əldə olunan bu vəsaitin və Maliyyə Nazirliyinin yeddi milyon dollar köməyi ilə peykin ABŞ-ın “Eximbank”ına olan kredit borcları tam ödənilmişdir. Cari ildə “Azerspace-1” peyki əldə olunan gəlirlər vasitəsilə peykin kredit borclarını özü ödəyə biləcəkdir. Gələn ildən isə peykin kommersiya fəaliyyətindən qazanılan gəlirlər sırf mənfəət olacaqdır.