CƏMİYYƏT
Ötən sutka FHN-in qüvvələri tərəfindən 7 nəfər xilas edilib


Bakı, 8 fevral, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 63 halda yanğına çıxış, 2 yol-nəqliyyat hadisəsi və 5 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınlar operativ qaydada söndürülüb, insanların həyatı xilas edilib. Ötən sutka FHN-in qüvvələri tərəfindən ümumilikdə 7 nəfər, o cümlədən Suraxanı rayonunda minik avtomobili və sərnişin avtobusunun toqquşması nəticəsində deformasiyaya uğrayan nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalan sürücü və bir sərnişin xilas edilib.
Həmçinin Nizami rayonunda bağlı qapı arxasında aşkarlanan 1957-ci il təvəllüdlü Həşimov Yusif Altəhmasib oğlunun və Tovuz rayonunda yük avtomobili ilə minik avtomobilinin toqquşması nəticəsində deformasiyaya uğrayan minik avtomobilindən çıxarılan sürücü 1996-cı il təvəllüdlü Alıyev Sərxan Mikayıl oğlunun meyitləri aidiyyəti üzrə təhvil verilib.
Nazirlik üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.