MƏDƏNİYYƏT
“Öz məşəlini alovlandır”
Azərbaycan müxtəlif dinlərin, sivilizasiyaların və ənənələrin qovuşduğu bir məkandır
Bakı, 21 may (AZƏRTAC). Mayın 21-də Fransanın Azərbaycandakı səfirliyi Beynəlxalq Muğam Mərkəzində bu ölkənin “Eurovision-2012” mahnı müsabiqəsində təmsilçisi Anqun və onunla birlikdə paytaxtımıza gələn fransalı qonaqların şərəfinə şam yeməyi təşkil etmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə Fransanın və İndoneziyanın ölkəmizdəki səfirliklərinin əməkdaşları, Azərbaycanım dövlət və hökumət rəsmiləri və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Fransalı diplomat Paskal Mönye tədbirin məqsədindən danışmışdır. Bildirmişdir ki, bu gün bütün xalqların dosluq gecəsi və İndoneziyanın bayramıdır.
Diplomat Fransanı “Eurovision-2012” mahnı müsabiqəsində təmsil edən Anqun haqqında tədbir iştirakçılarına məlumat vermişdir. Qeyd etmişdir ki, müğənni bir sıra mədəniyyətləri təmsil edir. Müsabiqədə iştirak edən fransalı təmsilçinin ölkəmizlə sıx bağlı olduğunu deyən Paskal Mönye Azərbaycanın müxtəlif dinlərin, sivilizasiyaların və ənənələrin qovuşduğu məkan olduğunu vurğulamışdır. O demişdir: “Azərbaycan tolerant bir ölkədir. Burada musiqi mədəniyyəti çox yüksək səviyyədədir”.
Tədbirdə çıxış edən Anqun isə belə demişdir: “Mən qanımla indoneziyalı, ürəyimlə isə fransalıyam. Bu möhtəşəm müsabiqədə mahnımla Fransanı, cismimlə isə İndoneziyanı təmsil edirəm”.