MƏDƏNİYYƏT
“Öz məşəlini alovlandır!”
Azərbaycan paytaxtı möhtəşəm bir “Eurovision” mahnı müsabiqəsi vəd edir
Bakı, 7 aprel (AZƏRTAC). 57-ci “Eurovision-2012” mahnı müsabiqəsi və bu möhtəşəm tədbirin keçiriləcəyi “Baku Crystal Hall” bərədə Almaniya mətbuatında növbəti maraqlı material yayımlanmışdır.
“Bakı möhtəşəm bir “Eurovision” mahnı müsabiqəsi vəd edir. Builki yarışmanın keçiriləcəyi Azərbaycan paytaxtının sakinləri, eləcə Bakının əcnəbi qonaqları may ayında maraqlı bir şounun şahidi olacaqlar. Bakıya səfərimiz zamanı gördüklərimiz və yaşadığımız təəssüratlar belə deməyə əsas verir.”
AZƏRTAC Almaniyanın nüfuzlu “dpa” xəbər agentliyinə istinadla xəbər verir ki, bu sözləri Almaniyanın “ARD” ictimai radiosunun əyləncə verilişləri proqramının əlaqələndiricisi Tomas Şrayber demişdir.
Agentliyin məlumatında, eyni zamanda, 57-ci “Eurovision-2012” mahnı müsabiqəsinin keçiriləcəyi “Baku Crystal Hall” bərədə də söhbət açılır. Məqalədə füsunkar Xəzərin sahilində yerləşən “Baku Crystal Hall”ın yaxınlığında “Eurovision” azarkeşləri üçün nəzərdə tutulan əlavə yerin inşasının tezliklə yekunlaşmaq üzrə olduğu xatırlanır. Burada jurnalistlərin normal çalışması və mənalı istirahəti üçün hər bir məsələnin nəzərə alındığı bildirilir.
Avropa Yayım Birliyinin təmsilçisi Jarmo Siim isə “dpa” xəbər agentliyinə açıqlamasında vurğulayır ki, hazırda “Eurovision-2012” mahnı müsabiqəsinin bütün şouları üçün biletlərin satışı davam edir.