MƏDƏNİYYƏT
“Öz məşəlini alovlandır”
“Baku Crystal Hall”da səhnəyə 12-ci çıxan Norveç təmsilçisi Touraj Keshtkar olmuşdur
Bakı, 27 may (AZƏRTAC). Norveçin “Eurovision-2012” mahnı müsabiqəsindəki təmsilçisi Touraj Keshtkar yarışmanın finalında “Baku Crystal Hall”un səhnəsinə 12-ci ifaçı statusunda çıxmışdır.
AZƏRTAC xəbər verir ki, ölkəsini “Stay” mahnısı ilə təmsil edən Tourajın ifası tamaşaçılar tərəfindən alqışlarla qarşılanmışdır.
İranda doğulmuş bu ifaçı bir yaşında olarkən ailəsi Norveçə köçmüşdür. 16 yaşından model sənətinə gələn Touraj Keshtkar daha sonra karyerasını televiziyada davam etdirmişdir. Müğənni Norveçin “MTV” televiziya kanalının iki proqramında teleaparıcı kimi fəaliyyət göstərmişdir.
Norveç təmsilçisi uşaqların müdafiəsi üzrə təhsil almışdır və hazırda reabilitasiya şöbəsində uşaq müdafiəsi üzrə məsləhətçi işləyir. O, bu işini gərgin və ictimai cəhətdən faydalı hesab edir.
Touraj “Swan Song” adlı ilk mahnısını 2008-ci ildə təqdim etmişdir.