MƏDƏNİYYƏT
“Öz məşəlini alovlandır!”
“Eurovision-2012” mahnı müsabiqəsinin finalında “Baku Crystal Hall”un səhnəsinə birinci çıxan Böyük Britaniya təmsilçisi olmuşdur
Bakı, 27 may (AZƏRTAC). Mayın 26-da saat 00:00-da “Baku Crystal Hall”da 57-ci “Eurovision” mahnı müsabiqəsinin final şousu başlanmışdır.
AZƏRTAC xəbər verir ki, yarışmanın final şousunda Bakı səhnəsinə birinci çıxan Böyük Britaniya təmsilçisi Engelbert Hamperdink olmuşdur.
Əsl adı Arnold Corc Dorsi olan Böyük Britaniya təmsilçisi 1936-cı ildə doğulmuşdur. Atası Britaniya ordusunda xidmət etmiş, anası isə opera müğənnisi və skripka müəllimi olmuşdur. 45 illik uğurlu musiqi karyerası olan müğənninin səs yazıları bu günədək 150 milyon nüsxə ilə satılmışdır. 4 “Qremmy” mükafatına, 63 qızıl və 24 platin musiqi albomuna sahib olan 76 yaşlı Engelbert Hamperdink dünya şou biznesinin varlıları siyahısında beşinci yerdədir.
Engelbertin bütün dünyada sabiq pərəstişkarları vardır. Son 12 ay ərzində müğənni bütün Avropada, həmçinin Rusiya, Rumıniya, Niderland, Belçika və İsraildə konsert proqramı ilə çıxış etmişdir.
Bu günədək 80 musiqi albomu buraxılan Böyük Britaniya təmsilçisi “Eurovision-2012” mahnı müsabiqəsində ölkəsini “Love Will Set You Free” mahnısı ilə təmsil etmişdir.