MƏDƏNİYYƏT
“Öz məşəlini alovlandır!”
“Eurovision-2012” mahnı müsabiqəsinin Təşkilat Komitəsi bu bayramın bütün standartlar üzrə ən yüksək səviyyədə keçirilməsi üçün böyük bacarıq və əzmkarlıq nümayiş etdirmişdir
Bakı, 21 may (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev Norveçin “Morgenbladet” qəzetinin müxbiri Maren Naess Olsenə müsahibə vermişdir.
Şuranın mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Bakıda keçirilən “Eurovision-2012” mahnı müsabiqəsi ilə bağlı bir sıra məqamlara diqqət yetirən müxbirin suallarına cavab olaraq A.Quliyev bu tədbirin mahnı, dostluq və əməkdaşlıq bayramı kimi bütün Azərbaycan xalqı tərəfindən böyük sevinclə qarşılandığını demişdir. Bildirmişdir ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi “Eurovision-2012” mahnı müsabiqəsinin Təşkilat Komitəsi bu bayramın bütün standartlar üzrə ən yüksək səviyyədə keçirilməsi üçün böyük bacarıq və əzmkarlıq nümayiş etdirmişdir.
Şura sədri həm tədbirin başlanması ərəfəsində bəzi xarici KİV-lərdə dərc olunan qeyri-obyektiv yazıları, həm də musiqi bayramının keçirildiyi günlərdə bəzi dairələrin ondan sui-istifadə cəhdlərini pisləyərək demişdir ki, gənc dövlətimizin uğurlarını bütün dünyaya göstərməklə bərabər, ölkədə demokratik proseslərin daha da dərinləşdirilməsinə çalışan Azərbaycan hakimiyyəti obyektiv və ədalətli tənqidə həmişə açıq olmuşdur. Çünki tənqidi fikir qərəzsiz, obyektiv olanda inkişafa və qarşılıqlı anlaşmaya xidmət edir.
A.Quliyev qeyd etmişdir ki, bu beynəlxalq musiqi bayramında iştirak etmək üçün xarici ölkələrdən Bakıya gəlmiş minlərlə qonaq Azərbaycan reallıqlarını yetərincə izləmək və ölkədə ictimai-siyasi, mədəni-sosial həyatın bütün parametrləri üzrə müəyyən nəticələr çıxarmaq imkanına malikdir. Şura sədri həmin nəticələrin obyektivliyinə və ədalətli olacağına ümid bəslədiyini bildirmişdir.