MƏDƏNİYYƏT
“Öz məşəlini alovlandır!”
“Eurovision” mahnı müsabiqəsinin son beş ilinin qalibləri Bakıda toplaşır
Bakı, 10 may (AZƏRTAC). “Eurovision-2012” mahnı müsabiqəsinin keçiriləcəyi "Baku Crystal Hall" möhtəşəm şouya tam hazırdır.
Bu barədə AZƏRTAC-a “Eurovision-2012” mahnı müsabiqəsinin işçi qrupundan məlumat vermişlər. Məlumatda bildirilir ki, hazırda “Eurovision-2012”nin qeyri-adiliyi, səs və işıq effektləri ilə seçilən Bakı səhnəsində texniki məşqlər gedir. Mayın 13-dən etibarən isə "Baku Crystal Hall" şouda təmsil olunan ölkələri qəbul edəcəkdir.
Möhtəşəm şounun başlanması ərəfəsində “Eurovision” mahnı müsabiqəsinin yarımfinalları və finalındakı açılış və interval aktlarının məşqləri aparılır. “Eurovision” mahnı müsabiqəsinin builki təmsilçilərinin rəngarəng və bir-birindən fərqlənən performansları ilə yanaşı, milyonlarla izləyiciyə açılış və interval aktlarında sürpriz dolu şoular təqdim ediləcəkdir.
Açılış və interval aktları səhnə tərtibatı, ssenarisi və şouda çıxış edəcək müğənniləri ilə seçiləcəkdir. Bu şoular üçün son 5 ilin “Eurovision” mahnı müsabiqəsinin qalibləri mayın 18-dən etibarən Bakıda toplaşacaqlar.
Mariya Şerifoviç, Dima Bilan, Aleksandr Rıbak, Lena, Eldar Qasımov və Nigar Camal "Baku Crystal Hall"da mayın 24-də keçiriləcək ikinci yarımfinalın interval aktında çıxış edəcəklər. “Eurovision” mahnı müsabiqəsinin bu qaliblərindən ibarət qrup Azərbaycanın milli musiqisi ilə zəngin performansla səhnədə olacaqdır. “Eurovision” ulduzları bu şouda tamaşaçılar qarşısında indiyədək görmədiyimiz bir üslubda çıxış edəcəklər.
“Eurovision -2012” mahnı müsabiqəsinin yarımfinalları mayın 22, 24-də, finalı isə mayın 26-da keçiriləcəkdir.