MƏDƏNİYYƏT
“Öz məşəlini alovlandır!”
Nina Badriç: Bakı çox heyrətamiz şəhərdir
Bakı, 21 may (AZƏRTAC). Bakı çox heyrətamiz şəhərdir, insanları gülərüz və qonaqpərvərdir. İçərişəhəri isə daha çox bəyəndim.
Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində Xorvatiyanı “Eurovision-2012” mahnı müsabiqəsində təmsil edən Nina Badriç demişdir.
Nina Badriç gələcəkdə repertuarında Azərbaycan mahnılarına da yer ayıracağını demiş və hətta Azərbaycan müğənnilərindən biri ilə duet oxuyacağına da söz vermişdir. Lakin Nina Badriç hələlik mahnının adını sirr saxladığını demişdir.
“Baku Crystal Hall”da yaradılan şəraitdən və zalın genişliyindən danışan Xorvatiya təmsilçisi demişdir: “Bu zal həqiqətən də geniş imkanlara malikdir. Düşünürəm ki, “Baku Crystal Hall” gələcəkdə də böyük konsertlərin keçirilməsi üçün əlverişli məkan olacaqdır”.
“Eurovision-2012” mahnı müsabiqəsindəki favoritlərindən danışan müğənni yarışmada kifayət qədər yaxşı ifaçıların və mahnıların olduğunu bildirmişdir. Lakin o, daha çox Böyük Britaniya, Fransa və İsveç təmsilçilərinin ifalarını xoşladığını demişdir: “Düşünürəm ki, bu yarışmada güclü mübarizə olacaqdır. Mən öz mahnımın tamaşaçıların qəlbinə yol tapacağına inanıram, lakin əvvəlcədən bir söz demək çox çətindir, hər şey yekunda bilinəcəkdir”.