DÜNYA
Özbəkistan Prezidenti ilə Rusiyanın xarici işlər nazirinin görüşündə əlaqələrin genişləndirilməsi məsələləri müzakirə edilmişdir
Daşkənd, 6 aprel (AZƏRTAC). Özbəkistan Prezidenti İslam Kərimov Müstəqil Dövlətlər Birliyi (MDB) Xarici İşlər Nazirləri Şurasının növbəti iclasında iştirak etmək üçün bu ölkədə səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə görüşmüşdür.
Qonağı salamlayan İslam Kərimov demişdir ki, ölkələrimiz arasında olan strateji tərəfdaşlıq münasibətləri əlaqələrimizin daha da dərinləşməsinə təkan vermişdir və bu istiqamətdə əməkdaşlığı davam etdirmək əzmindəyik.
Sergey lavrov Rusiya Prezidenti Vladimir Putinin salamlarını İslam Kərimova çatdırmış və deyilmişdir ki, Rusiya rəhbərliyi Özbəkistan ilə xalqlarımızın maraqlarına uyğun olaraq bütün sahələrdə əməkdaşlığı dərinləşdirmək üçün dialoqu davam etdirmək niyyətindədir.
Görüşdə siyasi, ticarət-iqtisadi, mədəni-humanitar və digər sahələrdə əlaqələrin genişləndirilməsi, Özbəkistan və Rusiyanın maraqları çərçivəsində regional və beynəlxalq məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.
Söhbətdə MDB çərçivəsində qarşılıqlı fəaliyyətin genişləndirilməsi və bir sıra digər məsələlər də müzakirə olunmuşdur.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd