DÜNYA
Papua-Yeni Qvineyada torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 300-ə çatıb VİDEO
Bakı, 25 may, AZƏRTAC
Papua-Yeni Qvineyanın Enqa əyalətində torpaq sürüşməsi nəticəsində həlak olanların sayı 300 nəfərə çatıb.
AZƏRTAC “The Guardian” saytına istinadla xəbər verir ki, sürüşmə cümə günü səhər saatlarında əyalətin paytaxtı Vabaqdan təxminən iki saatlıq məsafədə yerləşən Yambali kəndini də əhatə edib. Hadisə nəticəsində 1182 ev torpaq altında qalıb. Paytaxtdan Yambaliyə gedən yolun bağlanması yardım işlərinə mane olur.
Qeyd edək ki, əyalətdə torpaq sürüşməsi cümə günü yerli vaxtla gecə saat 3.00 radələrində ucqar Kaokalam kəndində başlayıb. Avstraliyanın ABC telekanalının yaydığı məlumata görə, yaxınlıqdakı dağ yamacı sürüşərək bütün kəndi dağıdıb, 100-ə yaxın insan həlak olub. Sürüşmə böyük qızıl mədəninin yerləşdiyi Porgera şəhərinə gedən yolu da bağlayıb.
Enqa əyalətinin hökuməti fəsadları və dəymiş ziyanı tez bir zamanda müəyyənləşdirmək üçün reaksiya qrupu yaradıb. Səlahiyyətlilər, həmçinin yerli tibb müəssisələrini və QHT-ləri zərərçəkənlərə yardım göstərməyə çağırıb.