ELM VƏ TƏHSİL
Paytaxt məktəblərində 48 mindən çox şagird birinci sinifdə təhsil alır
Bakı, 16 oktyabr, AZƏRTAC
Paytaxt üzrə təhsil müəssisələrində (məktəb, lisey və gimnaziya) 48.206 şagird birinci sinifdə təhsil alır. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildiriblər ki, onlardan 40.900-ü altı yaşı tamam olan, 7.306-sı isə altı yaşı tamam olmayan (sentyabrın 15-dən dekabrın 31-dək anadan olan) uşaqlardır.
Qeyd edək ki, hər il olduğu kimi, 2018-2019-cu tədris ilində də birinci sinfə şagird qəbulunun vaxtı oktyabrın 15-dək uzadılıb. Belə ki, dərslərin başlanmasına baxmayaraq, birinci sinfə şagird qəbulu üzrə uşaqların elektron qeydiyyatı valideynin (qanuni nümayəndənin) üzrlü səbəb (fövqəladə hal, uşağın və ya valideynlərin müalicəsi, valideynlərin xidməti ezamiyyətə getməsi) göstərilməklə, “Əlaqə” bölməsi vasitəsilə (elektron ərizə əsasında) aparılıb. Valideynlər uşaq elektron qeydiyyatdan keçirildikdən sonra müvafiq sənədləri məktəbə təqdim ediblər.
Qeyd edək ki, son illərdə uşaqların birinci sinfə qəbulu prosesi tam olaraq elektronlaşdırılıb. Valideynlər məktəbi, müəllimi, təlim dilini müstəqil şəkildə özləri seçirlər.
Birinci sinfə qəbulun elektron sistem vasitəsilə həyata keçirilməsi təhsil sahəsində əhaliyə göstərilən elektron xidmətlərin dairəsinin genişləndirilməsi, şəffaflığın təmin edilməsi, şagird kontingentinin uçot sisteminin təkmilləşdirilməsi, valideynlərin əlavə vaxt itkisinin qarşısının alınması və cəmiyyətdə informasiya texnologiyalarından istifadə göstəricilərinin artırılması məqsədlərinə xidmət edir.