CƏMİYYƏT
Paytaxt sakinini döyərək mobil telefonunu və qol saatını almaqda şübhəli bilinən üç nəfərdən ikisi saxlanılıb
Bakı, 30 yanvar, AZƏRTAC
Nərimanov Rayon Polis İdarəsinin 17-ci polis şöbəsinə müraciət edən Bakı şəhər sakini Z.Zalov yanvarın 28-də saat 23 radələrində N.Hacıyev küçəsində üç nəfərin onu “Niva” markalı avtomobilə mindirərək döydüklərini, mobil telefonunu və qol saatını aldıqlarını bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, dərhal müvafiq araşdırmalara başlanılıb. Həmin cinayət əməlini törətməkdə şübhəli bilinən şəxslər aparılan əməliyyat-axtarış tədbirləri ilə qısa müddətdə müəyyən edilib. Onlardan paytaxt sakinləri B.Səfquliyev və R.Sadıxov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 180-ci maddəsi (soyğunçuluq) ilə cinayət işi başlanıb və Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.