SİYASƏT
P.Bülbüloğlu: Bu cür əməllər Rusiyanı düşündürməli, ona “kimin əsl dost, kimin isə ötəri yoldaş olması”nı göstərməli və düzgün nəticələrə gətirməlidir
![P.Bülbüloğlu: Bu cür əməllər Rusiyanı düşündürməli, ona “kimin əsl dost, kimin isə ötəri yoldaş olması”nı göstərməli və düzgün nəticələrə gətirməlidir](/files/2014/3/1200x630/14138986513835951062_1200x630.jpg)
Oktyabrın 17-də Rusiya Federasiyasının İctimai Palatası tərəfindən Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günü ilə əlaqədar “Azərbaycan və Rusiya münasibətlərinin yeni mərhələsi. Azərbaycan Respublikanın 23 illik müstəqilliyinin yekunları” mövzusunda “dəyirmi masa” keçirilib.
Tədbirdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Rusiya Dövlət Dumasının deputatı Dmitriy Savelyev, İctimai Palatanın üzvləri, o cümlədən Rusiyanın İctimai Palatasının xaricdə yaşayan həmvətənlərə dəstək və ictimai diplomatiyanın inkişafı üzrə komissiyası sədrinin birinci müavini Sergey Markov və başqaları iştirak ediblər.
Tədbirdə çıxış edənlər 18 oktyabr-Müstəqillik Günü münasibətilə Azərbaycan xalqını və rəhbərliyini təbrik ediblər. Onlar ölkəmizin regional və qlobal səviyyədə yürütdüyü tarazlaşdırılmış siyasəti həm Azərbaycan-Rusiya münasibətləri, həm də bölgədəki ümumi vəziyyət üçün sabitləşdirici amil kimi dəyərləndiriblər. Azərbaycan-Rusiya siyasi təmaslarında son aylar ərzində müşahidə edilən canlanmanı təqdirəlayiq və rəmzi xarakter daşıyan hadisələr kimi səciyyələndirən rusiyalı natiqlər dünyada baş verən siyasi çaxnaşmaların fonunda ölkəmizin inamla inkişaf etdiyini söyləyiblər. Azərbaycana səfərləri zamanı Bakının surətlə inkişafının, buradakı multikulturalizm mühitinin, insanların xoş münasibətinin, müxtəlif din nümayəndələrinin və millətlərin sülh şəraitində yaşadıqlarının şahidi olduqlarını deyiblər.
Sergey Markov Bakı Beynəlxalq Humanitar Forumunun dünya miqyasında nüfuz qazandığını bildirərək, iki həftə əvvəl keçirilən IV Forumda 14 Nobel mükafatı laureatının bir yerə toplaşdığını xatırladıb və Nobel kapitalının əsasının məhz Bakıda birinci neft bumu dövründə formallaşdığını, bu gün neft-qaz hasilatında yeni sıçrayış yaşayan Azərbaycanın əldə etdiyi gəlirləri düzgün istiqamətləndirərək hərtərəfli kompleks tərəqqiyə nail ola bildiyini bəyan edib.
Dmitriy Savelyev RDLP-nin sədri Vladimir Jirinovski ilə birgə Bakıya səfər etdiyini və burada rus dilinə olan xoş münasibətdən məmnunluğunu ifadə edib. Eyni zamanda o, Qafqaz bölgəsində sabitliyin təmin edilməsi üçün Rusiyanın Ermənistan-Azərbaycan münaqişəsində fəallıq nümayiş etdirməli olduğunu vurğulayıb. Azərbaycanın işğal olunmuş ərazilərinin qaytarılması zamanının yetişdiyini söyləyən Dmitriy Savelyev bundan nəinki Azərbaycan və Rusiya, hətta Ermənistanın da faydalana biləcəyini qeyd edib.
Tədbirdə çıxış edən səfir Polad Bülbüloğlu Azərbaycanın Müstəqillik Günü ilə əlaqədar belə bir tədbirin təşkil olunmasına görə təşkilatçılara təşəkkürünü bildirərək, ölkəmizdə qısa müddət ərzində həqiqətən də misilsiz işlərin görüldüyünü və müsbət dəyişikliklərin baş verdiyini deyib. Səfir müstəqilliyin ilk illərində Azərbaycanda baş verən hadisələrə toxunub və yalnız ümummilli lider Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı ilə ölkəmizin sabitlik və inkişaf yoluna qədəm qoyduğunu vurğulayıb. Azərbaycanın bugünkü inkişafının ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu diqqətə çatdıran diplomat əsası 1993-cü ildə ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş inkişaf yolunun bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bəyan edib. Bununla yanaşı, Polad Bülbüloğlu ölkəmizdə aparılan islahatlar, geniş quruculuq və abadlıq işləri, salınan yollar, müşahidə olunan tərəqqi, insanların rifahının gündən-günə artdığını söyləyib.
Azərbaycanın xarici siyasəti sistemində Rusiya ilə ikitərəfli münasibətlərə toxunan səfir hazırda bir sıra dövlətlər tərəfindən Rusiyaya qarşı sanksiyaların tətbiq edildiyini və mənfi münasibət bəsləndiyini xatırladıb. Azərbaycanın isə bu şəraitdə Rusiya ilə əməkdaşlığı fəallaşdırdığını, bununla həm özünün müstəqil mövqe tutmağa qadir olduğunu, həm də Rusiyaya etibarlı tərəfdaş və dost münasibətini açıq şəkildə nümayiş etdirdiyini vurğulayıb. Səfir qeyd edib ki, bu cür əməllər Rusiyanı düşündürməli, ona “kimin əsl dost, kimin isə ötəri yoldaş olması”nı göstərməli və düzgün nəticələrə gətirməlidir.
Son zamanlar həyata keçirilən yüksək səviyyəli qarşılıqlı səfərləri qeyd edən səfir ikitərəfli əlaqələrin inkişafına Azərbaycan və Rusiya prezidentləri arasında mövcud olan yüksək səviyyəli münasibətlərin təkan verdiyini söyləyib.
Dünyada və regionda baş verən hadisələrə toxunan P.Bülbüloğlu Ermənistan-Azərbaycan münaqişəsi haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. Münaqişənin yalnız regionun inkişafına təsir etmədiyini deyən diplomat ondan daha çox Ermənistanın özünün zərər gördüyünü bildirib. Həmçinin Polad Bülbüloğlu Azərbaycanın hərbi büdcəsinin Ermənistanın dövlət büdcəsindən dəfələrlə çox olduğunu qeyd edib və silahlı qüvvələrimizin işğal edilmiş ərazilərimizi hərbi yolla azad etməyə qadir olduğunu vurğulayıb. Lakin buna baxmayaraq ölkəmizin münaqişənin sülh yolu ilə həll olunmasının tərəfdarı olduğunu deyən Polad Bülbüloğlu ATƏT-in Minsk qrupunun üzvləri və həmsədr ölkələrini, o cümlədən Rusiyanı Ermənistana işğal etdiyi əraziləri tərk etməsi üçün təsir göstərməyə çağırıb və Rusiyanın Ermənistana “Sən mənə dostsan, lakin həqiqət daha üstündür” deməli olduğunu bildirib. Səfir münaqişə ilə bağlı BMT-nin Təhlükəsizlik Şurası tərəfindən dörd qətnamənin qəbul edildiyini, lakin onların Ermənistan tərəfindən bu günədək yerinə yetirilmədiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva