DÜNYA
Pekin Olimpiadası heyəti arasında ötən sutka altı nəfərin koronavirusa yoluxduğu aşkarlanıb
Pekin, 8 fevral, AZƏRTAC
“Pekin-2022” Qış Olimpiya Oyunları heyəti arasında COVID-19 infeksiyasına yoluxma halları davam edir. Ötən sutka 70 min 657 nəfərdən PCR testi götürülüb. Onlardan 6 nəfərinin test cavabı pozitiv olub.
AZƏRTAC 24-cü Qış Olimpiya Oyunlarının təşkilat komitəsinə istinadla xəbər verir ki, ötən sutka Olimpiada üçün xaricdən 133 nəfər, o cümlədən 93 atlet və komanda rəsmisi Çinə gəlib. Onların arasında virusa yoluxma faktı aşkarlanmayıb. Bununla yanaşı, Olimpiya Oyunları üçün təsdiqlənmiş epidemiya əleyhinə qaydalara əsasən, Olimpiada cəlb olunanlar, yəni idmançılar, məşqçilər, komanda heyəti, texniki heyət, könüllülər, jurnalistlər hər gün test verir. Ötən sutka həmin test prosesi zamanı 5 nəfəri idmançı və komanda üzvü olmaqla, 6 nəfərin virusa yoluxması aşkarlanıb.
“Pekin-2022” Qış Olimpiya Oyunları ilə əlaqədar “qapalı sistem”in tətbiq olunmağa başladığı yanvarın 23-dən bəri 396 nəfərin, o cümlədən 159 idmançının test cavabı pozitiv olub.
Qeyd edək ki, COVID-19 pandemiyasına təsadüf edən “Pekin-2022” Qış Olimpiya Oyunlarında epidemiya əleyhinə xüsusi qaydalar tətbiq olunur. Xaricdən gələn bütün heyət üzvləri hava limanından etibarən “qapalı sistem”ə düşür. Onlar “Olimpiya kəndi”, yarış məkanları və Olimpiya Oyunları üçün nəzərdə tutulan digər yerlərdən kənara çıxa bilməzlər. Bu qayda Olimpiya Oyunlarına cəlb olunan yerli heyətə də aiddir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin