Personalın idarə olunması mədəniyyətinə dair təlimlər yekunlaşıb
Bakı, 7 aprel, AZƏRTAC
Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva tərəfindən struktur bölmə rəhbərləri üçün təşkil olunan “Personalın idarə olunması mədəniyyəti” mövzusunda təlimlər yekunlaşıb.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, təlimlərdə elm, tədris, tələbələrlə iş, insan resursları, beynəlxalq əlaqələr, ictimaiyyətlə əlaqələr şöbələrinin, maliyyə departamentinin rəhbərləri, dekanlar və kafedra müdirləri iştirak ediblər. İmtahanı uğurla keçən iştirakçılara sertifikatlar verilib.
Təlimin təşkil olunmasında əsas məqsəd universitetin kadr potensialının inkşaf etdirilməsi və bölmə rəhbərlərinin peşəkar hazırlıq səviyyəsinin yüksəldilməsidir.
Təlimlər kulturoloq, tarix elmləri doktoru, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti, Azərbaycanda kulturologiya elminin yaradıcısı Fuad Məmmədov tərəfindən aparılıb. Sertifikatların təqdim olunması mərasimində çıxış edən Fuad Məmmədov universitetin rektoru Səadət Əliyevaya ali təhsil müəssisəsinin əməkdaşları üçün yaradılan imkanlara və kulturologiya elminin inkişafına töhfələrinə görə təşəkkür edib və iki qurum arasında əməkdaşlığın davamlı olmasını arzulayıb.
Ümumilikdə 30 saat olmaqla həftədə bir dəfə keçirilən təlimlər 8 mühazirə və 6 seminardan ibarət olub. Təlimlər kulturologiyanın əsas anlayışları, idarəetmə mədəniyyəti və bu sahədə xarici ölkələrin təcrübəsi, liderlik mədəniyyəti, işgüzar münasibətlər mədəniyyəti kimi modullar üzrə aparılıb.