Milli mətbəx və dini inanc - Folklor İnstitutunda seminar
Bakı, 4 iyun, AZƏRTAC
AMEA Folklor İnstitutunun Mərasim folkloru və milli kulinariya ənənəsi şöbəsində növbəti elmi seminar keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, seminarda şöbənin aparıcı elmi işçisi dosent Atəş Əhmədlinin “Göyçay mətbəxində mərasim yeməkləri” mövzusunda məruzəsi dinlənilib. Atəş Əhmədli Göyçay rayonunun Azərbaycanın zəngin kulinariya ənənələrinə malik bölgələrindən biri olduğunu vurğulayıb. O bildirib ki, toy, nişan, yas, Novruz və digər mərasimlərdə xüsusi yeməklərin hazırlanması, mərasim süfrələrinin təşkili həm qonaqpərvərliyin, həm də milli adət-ənənələrin mühüm göstəricisi hesab olunur.
Göyçay rayonunun toy və şənlik mərasimlərində əsasən müxtəlif növ plovlar, dolma, küftə və kabab süfrənin ana yeməkləri olur. Xüsusilə plov bolluq və firavanlıq rəmzi sayıldığı üçün toy süfrələrinin ayrılmaz hissəsidir. Göyçayda yetişən nar məhsulları da yerli mətbəxdə geniş istifadə olunur, narşərab və nar şirəsi bir çox ət yeməklərinə xüsusi dad verir. Tədqiqatçı yas mərasimlərində daha sadə yeməklərin təqdim edildiyini də vurğulayıb. Adətən plov, bozbaş, müxtəlif şorbalar və çörək süfrəyə verilir. Bu yeməklər mərasim iştirakçılarına hörmət və ehtiram əlaməti kimi hazırlanır. Atəş Əhmədli Göyçay mətbəxində mərasim yeməklərinin xalqın qədim adət-ənənələrini, qonaqpərvərliyini və milli mədəniyyətini əks etdirən mühüm dəyərlərdən biri olduğunu da dilə gətirib.
Daha sonra şöbənin aparıcı elmi işçisi dosent Atif İslamzadə “Mərasim folklorunda vahid Allah inancı yeni klassifikasiya kimi” mövzusunda məruzə edib. Tədqiqatçının fikrincə, vahid Allah inancı qavramı bütün mifologiya və folklorun əsasını təşkil edir. Əksər mətnlərdə bu inancın ya aşkar səviyyədə, yaxud da metonimik olaraq mövcudluğu diqqəti cəlb edir. Toplumun dünyagörüşü forması təbiidir ki, onun bütün fəaliyyətində əks olunur. Bu baxımdan bu qavramın folklorda araşdırılmasına ciddi ehtiyac var. Müəllif təəssüf hissi ilə bildirib ki, bu günə qədər vahid Allah inamının kompleks olaraq folklorumuzda tədqiq olunması mümkün olmayıb. Materialist-ateist sovet ideoloji sistemində bunun həyata keçirilə bilməməsini anlamaq olar. Ancaq müstəqillik illərində də bu sahədə geniş araşdırmanın olmaması təəssüf ediləsi haldır.
Atif İslamzadə araşdırmada ilk dəfə vahid Allah inancı və yaxud Tanrı-Allah ekvivalentinin inanc əsası adı ilə mərasim folkloru təsnifatına daxil edilməsini təklif edib. Bundan əlavə, Qurban və Ramazan bayramları da bu təsnifata daxil edilməli və öyrənilməlidir.