Dominikanda Azərbaycanın Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil edilib
Bakı, 4 iyun, AZƏRTAC
28 May – Müstəqillik Günü münasibətilə Dominikan Respublikasının paytaxtı Santo-Dominqo şəhərində ilk dəfə olaraq rəsmi qəbul keçirilib.
Bu barədə AZƏRTAC-a Azərbaycanın bu ölkədəki səfirliyindən məlumat verilib.
Bildirilib ki, qəbulda fəxri qonaq qismində Dominikanın iqtisadi məsələlər və beynəlxalq əməkdaşlıq üzrə xarici işlər nazirinin müavini Huqo Fransisko Rivera Fernandes, həmçinin Dominikan Xarici İşlər Nazirliyinin, parlamentin, eləcə də müxtəlif dövlət qurumlarının, diplomatik korpusun, bu ölkənin aparıcı mətbu orqanlarından biri olan "Listin Diario" qəzetinin, eləcə də digər media qurumlarının və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Tədbirdə ilk olaraq Azərbaycanın və Dominikanın Dövlət himnləri səsləndirilib.
Ardınca ölkəmizin iqamətgahı Havana şəhəri olmaqla Dominikandakı səfiri Ruslan Rzayev çıxış edərək, ilk dəfə olaraq Santo-Dominqo şəhərində keçirilən qəbulun önəmindən danışıb. Diplomat 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk demokratik dövlət kimi qurulan Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyətindən bəhs edib. Çox qısa zaman, cəmi 23 ay mövcud olmuş bu respublikanın xalqımızın müstəqillik əzmini dünyaya nümayiş etdirdiyini diqqətə çatdıraraq, həmin dövrdə dövlət quruculuğunda əldə olunan önəmli nailiyyətləri qeyd edib.
Ruslan Rzayev Azərbaycanın 1991-ci ildə müstəqilliyini bərpa etdiyini, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizin yeni inkişaf yoluna qədəm qoyduğunu və beynəlxalq səviyyədə etibarlı tərəfdaşa çevrildiyini söyləyib. Səfir Ulu Öndərin strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, dövlətimizin başçısının rəhbərliyi ilə Azərbaycanın öz əraziləri üzərində suverenliyini tam bərpa etdiyini vurğulayıb. Vətən müharibəsindən sonra bölgədə yaranmış yeni reallıqlar, sülh gündəliyi, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işləri barədə danışıb.
Səfir Azərbaycanın son illərdə COP29, Qoşulmama Hərəkatı, Avropa Oyunları, MDB Oyunları və Formula1 kimi mötəbər beynəlxalq yarışlara və tədbirlərə ev sahibliyi etdiyini, bu xüsusda mayın 17-22-də ölkəmizdə keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) uğurla təşkil olunduğunu vurğulayıb.
Çıxışı zamanı Azərbaycan-Dominikan əlaqələri haqqında danışan Ruslan Rzayev ölkəmizin Dominikanla münasibətlərə diqqət ayırdığını, məhz bu səbəbdən ilk dəfə olaraq 2025-ci ildə Azərbaycan səfirliyinin bu ölkəyə akkreditə olunduğunu vurğulayıb. Diplomat Azərbaycanın kiçik ada ölkələri ilə münasibətlərin inkişaf etdirilməsində maraqlı olduğunu bildirib. O, son müddətdə ikitərəfli təmaslarda müşahidə olunan müsbət dinamikadan, həyata keçirilən qarşılıqlı səfərlərdən danışaraq ölkələrimiz arasında əlaqələrin daha da inkişaf etməsi üçün geniş imkanların olduğunu bildirib.
Sonra fəxri qonaq qismində iştirak edən xarici işlər nazirinin iqtisadi məsələlər və beynəlxalq əməkdaşlıq üzrə müavini Huqo Fransisko Rivera Fernandes Dominikanda ilk dəfə olaraq Azərbaycanın Müstəqillik Günü il bağlı qəbulun keçirilməsi ilə əlaqədar hökumət adından təşəkkürünü ifadə edib. O, Dominikan hökuməti və Xarici İşlər Nazirliyinin adından Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edib. Huqo Rivera ikitərəfli təmaslardakı müsbət dinamikanın məmnunluq doğurduğunu, istər beynəlxalq təşkilatlar çərçivəsində, istərsə də ticarət, iqtisadiyyat, turizm, təhsil və digər sahələrdə iki ölkə arasında əməkdaşlıq üçün geniş potensialın olduğunu vurğulayıb.
Qəbul zamanı Azərbaycanın turizm imkanları və ölkəmiz haqqında məlumatların əks olunduğu videoçarxlar, o cümlədən “Şəhərsalma və Memarlıq İli” çərçivəsində ölkəmizin WUF13-ə ev sahibliyi ilə əlaqədar “İçərişəhər: Canlı şəhər irsi” sərgisi nümayiş olunub.