SİYASƏT
Peşəkarların imtahan və müsabiqələr yolu ilə dövlət qulluğuna qəbulu Prezident İlham Əliyevin bu sahəyə xüsusi diqqətinin nəticəsidir
Göyçay, 23 iyun (AZƏRTAC). İyunun 23-də Göyçayda dövlət qulluqçularının peşə bayramı günü qeyd edilmişdir.
AZƏRTAC xəbər verir ki, rayonun dövlət qulluqçuları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə əklil qoymuş, xatirəsini ehtiramla yad etmişlər.
Yığıncaqda 2000-ci ildə qəbul olunmuş “Dövlət qulluğu haqqında” Qanunun mahiyyəti, bu sahədə kadr siyasətinin əsas prinsipləri, dövlət qulluqçularının cəmiyyətdəki yeri, onların hüquq və vəzifələri barədə məlumat verilmişdir.
Tədbirdə, həmçinin Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət quruculuğu sahəsində görülən işlərdən danışılmışdır. Müasir müstəqil dövlətimizin təşəkkül tapmasında, möhkəmlənməsində və beynəlxalq aləmdə tanınmasında dahi rəhbər Heydər Əliyevin misilsiz xidmətlərindən, bu siyasi xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən söhbət açılmışdır. Bildirilmişdir ki, dövlət qulluğunda işləmək üçün peşəkarların imtahan və müsabiqələr yolu ilə qəbulu dövlətimizin başçısı İlham Əliyevin bu sahəyə xüsusi diqqətinin nəticəsidir.
Toplantıda dövlət qulluqçuları onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə minnətdarlıqlarını bildirmiş, ölkənin tərəqqisi naminə bundan sonra da əzmlə işləyəcəklərini söyləmişlər.