CƏMİYYƏT
Polis əməkdaşına silahlı müqavimət göstərən narkokuryer saxlanılıb
Bakı, 2 may, AZƏRTAC
Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinə qaçaqmalçılıq yolu ilə gətirilmiş külli miqdarda narkotik vasitələri iki nəfərin satmaq məqsədilə əldə etdiyi barədə əməliyyat məlumatı daxil olub.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, həmin şəxslərin saxlanılması istiqamətində Baş İdarənin əməkdaşları tərəfindən xüsusi əməliyyat tədbiri hazırlanaraq həyata keçirilib. Onlardan biri narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün əvvəllər də məhkum edilmiş Vüqar Cəfərov polisin keçirdiyi əməliyyat nəticəsində tutulub. Onun əlindəki bağlamaya baxış zamanı ümumilikdə 32 kiloqram, o cümlədən 22 kiloqram marixuana, 4 kiloqram heroin, 6 kiloqram metamfetamin və 1600 ədəd metadon həbi aşkar edilib.
Vüqar Cəfərovla birlikdə narkotik vasitələrin qanunsuz dövriyyəsində əlbir olan Rövşən Qasımov saxlanılan zaman polis əməkdaşlarına müqavimət göstərib. Belə ki, o, idarə etdiyi “Opel” markalı avtomobillə qaçmağa cəhd göstərsə də, polis əməkdaşları buna imkan verməyiblər. Polisə tabe olmayan həmin şəxs üzərindəki odlu silahla polis əməkdaşlarına atəş açaraq, onların həyat və sağlamlığına böyük təhlükə yaradıb. Polis əməkdaşları xidməti silahdan havaya xəbərdarlıq atəşi açaraq Rövşən Qasımovdan könüllü təslim olmasını tələb ediblər. Buna baxmayaraq, həmin şəxs müqaviməti davam etdirdiyindən və yenidən qaçmağa cəhd göstərdiyindən o, xidməti silahdan açılan atəş nəticəsində saxlanılıb.
Rövşən Qasımova ilkin tibbi yardım göstərilib və o, xəstəxanaya yerləşdirilib. Ondan “Makarov” markalı tapança, patronlar, patron darağı, 500 qram metamfetamin, narkotik vasitələrin satışı zamanı pul dövriyyəsində istifadə olunan plastik kartlar və elektron tərəzi aşkarlanaraq götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.