İQTİSADİYYAT
Prezident İlham Əliyev: Biz çalışmalıyıq ki,iqtisadi inkişafımızı təmin edək
Bakı, 12 yanvar, AZƏRTAC
2015-ci ildə ölkə qarşısında duran vəzifələr bəllidir. Biz çalışmalıyıq ki, iqtisadi inkişafımızı təmin edək. Əminəm ki, belə olacaq. Ancaq heç kəsə sirr deyil ki, 2015-ci il dünya iqtisadiyyatı üçün çox ağır il olacaqdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı yekun nitqində söyləyib.
Dövlətimizin başçısı 2014-cü ilin sonlarında müşahidə olunan proseslərin təbii ki, 2015-ci ildə də davam edəcəyini bildirərək deyib: “Dünyada mövcud olan qeyri-sabit iqtisadi vəziyyət hələ bir müddət davam edəcəkdir. Neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi əlbəttə ki, təbii resurslarla zəngin ölkələr üçün bir sınaq olacaqdır”.
Prezident vurğulayıb ki, əvvəlki illərdə apardığımız siyasət, şaxələndirmə, düşünülmüş iqtisadi islahatlar, ictimai-siyasi sabitlik, xalqla iqtidar arasındakı birlik və eyni zamanda, böhranlı vəziyyətlərə hazır olmağımız 2015-ci ili də uğurla başa vurmaq üçün bizə imkan yaradacaqdır.