RƏSMİ XRONİKA
Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən panel-müzakirədə iştirak edib YENİLƏNİB-2 VİDEO
Bakı, 19 fevral, AZƏRTAC
Xəbər verdiyimiz kimi, fevralın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Avrasiyada əməkdaşlıq və problemlər məsələlərinə həsr olunan panel-müzakirədə iştirak edib.
Tədbirdə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da iştirak ediblər.
Panel-müzakirənin aparıcısı, Avrasiya Qrupunun sədri və təsisçisi Yan BREMMER Avrasiya regionunun əhəmiyyəti və bu regionda gedən proseslər barədə məlumat verdikdən sonra tədbirin qonaqlarını təqdim edərək dedi:
- Mən böyük məmnuniyyətlə çox mötəbər şəxslərdən ibarət bir qrupu sizə təqdim etmək istəyirəm. Burada toplaşmağımızın əsas məqsədi məlumdur. Münxen Təhlükəsizlik Konfransı çərçivəsində xüsusilə çoxsaylı qeyri-müəyyənlik və suallar mövcuddur.
Avrasiya bizim daha sabit regionlarımızdan biridir. Ancaq bu, heç də hər zaman belə olmamışdır. Panel iştirakçılarını təqdim etməzdən əvvəl bir neçə məqamı diqqətinizə çatdırmaq istəyirəm.
Məni heyrətləndirən odur ki, bu gün Avrasiyaya nəzərə saldıqda, biz gələcəkdə dünyanın digər regionlarında vəziyyətin necə olacağını sanki görmüş oluruq. Birincisi, ümumilikdə dövlətlər daxili işləri ilə məşğul olurlar. Digərlərinin daxili işlərinə ideoloji müdaxilə aşağı səviyyədədir. Məsələn, Qazaxıstan Rusiyaya islahatların necə aparılmalı olduğunu bildirmir. Azərbaycan Gürcüstanın daxili işləri ilə bağlı hər hansı münasibət bildirmir. Eyni zamanda, biz Rusiya və Çinin mehriban qonşuluq şəraitində yaşadığını, bəzən isə Şanxay Əməkdaşlıq Təşkilatının timsalında Qərb dünya nizamına alternativin təqdim edilməsində bir-birini dəstəklədiyinin şahidi oluruq. Nəhayət, qloballaşmaya gəldikdə çox maraqlı bir məqam ortaya çıxır. Təchizat zəncirinin artıq qlobal deyil, daha çox dövlətlərarası ticarət qovşaqları modeli üzərində qurulduğunun şahidi oluruq. Xüsusilə də “Bir kəmər-Bir yol” modelini qeyd etmək istərdim.
Əsas sual Avrasiyanın gələcək dünyanın mənzərəsini nə dərəcədə müəyyən edəcəyi ilə bağlıdır. Təbii ki, risklər var. Şübhəsiz, dövlətlərin digərlərinin işlərinə ideoloji müdaxilə etməməsi o demək deyil ki, maraqlar toqquşmur. Bu, Rusiya-Ukrayna məsələsində, Özbəkistanın bəzi qonşuları ilə münasibətlərində aydın görünür. Eyni zamanda, bizi düşündürən məsələlərdən biri Rusiya-Çin münasibətlərinin davamlı olub-olmasıdır.
Nəhayət, siyasi baxımdan davamlılıq sualı var. Artan populizm, neftin qiymətinin aşağı olması, İŞİD, terrorçuluq, radikalizm və sair. Avrasiyada da siyasi davamlılıq sualları meydana gələcəkmi? Təhlükəsizlik, ticarət və siyasi mandat baxımından gələcək dünya nizamı ilə bağlı suallar Avrasiyada yaranır.
Məmnunam ki, bu kontekstdə bizim bu gün Münxen Təhlükəsizlik Konfransı çərçivəsində olduqca bənzərsiz panelimiz var. Panelimizin iştirakçılarını təqdim etmək istəyirəm: Azərbaycan Prezidenti İlham Əliyev, Estoniya Prezidenti xanım Kersti Kalyulayd, Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili, Qazaxıstan Senatının sədri Kasım-Jomart Tokayev və Ukraynanın keçmiş Baş naziri və hazırda Narodniy Front Partiyasının sədri Arseni Yatsenyuk.
Avrasiyada fikir ayrılıqları ilə bağlı bəzi ilkin təşəbbüslər və bu qlobal kontekstdə regionun hansı istiqamətdə irəliləməsi perspektivləri ilə bağlı fikirləri söyləmək üçün, icazə verin, birinci olaraq sözü Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə verim.
Azərbaycan Prezidenti İlham ƏLİYEV çıxış edərək dedi:
- Azərbaycan Asiya ilə Avropa arasında yerləşir və bizim coğrafi mövqeyimiz, əslində, regionumuzda geosiyasi vəziyyəti müəyyən edir. Azərbaycan əsrlər boyu sivilizasiyaların qovuşduğu bir məkan, ölkə olmuşdur və bu gün biz tarixi irsimizi qoruyub saxlayırıq. Biz dünyanın multikulturalizm mərkəzlərindən birinə çevrilməyimizlə qürur duyuruq. Coğrafi mövqeyimiz, eyni zamanda, qonşularımızla yaxşı münasibətlərimiz bizə regionumuzda yaşayan insanların mənafeyinə xidmət edən təşəbbüslər irəli sürülən bölgədə çox etibarlı tərəfdaş olmaq imkanını verdi.
Azərbaycan beynəlxalq arenada etibarlı tərəfdaşdır. Biz gənc ölkəyik. Ötən il müstəqilliyimizin bərpasının 25-ci ildönümünü qeyd etmişik. Bu qısa müddət ərzində hesab edirəm ki, bu gün Azərbaycan dünyada hörmət edilən ölkədir. Bunun ən yaxşı nümunəsi bir neçə il bundan əvvəl Birləşmiş Millətlər Təşkilatında nümayiş olunmuşdur. O zaman Azərbaycan 155 ölkənin dəstəyi ilə BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir. Beləliklə, bu, beynəlxalq ictimaiyyətin mütləq əksəriyyətinin bizim fəaliyyətimizə verdiyi həqiqi qiymət, bizə göstərilən etimad və hörmət əlaməti idi.
Biz islahatlar aparmaqla iqtisadiyyatımızı planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçirdik. Bu gün iqtisadiyyatın özəl sektorunun ümumi daxili məhsulda payı 80 faizdən artıqdır. Azərbaycan qonşularla regional əməkdaşlığın yeni formatını tətbiq etdi. Eyni zamanda, 20 ildən də artıq müddətdən əvvəl təşəbbüskar qismində çıxış etdiyimiz enerji və nəqliyyat layihələri bu gün nəinki təkcə bizim üçün, həmçinin region üçün də yaxşı nəticələr verir. Bu gün enerji təhlükəsizliyi məsələlərinə milli təhlükəsizlik məsələsindən ayrı baxıla bilməz. Siyasətimiz birinci növbədə qonşularımızla, eyni zamanda, müsəlman dünyası, - biz müsəlman dünyasının bir hissəsiyik, - və Avropa ilə əməkdaşlığın gücləndirilməsi məqsədini daşıyır. Biz bu yaxınlarda Avropa İttifaqı ilə bir çox əməkdaşlıq sahələrini əhatə edəcək yeni razılaşma üzərində danışıqlara başlamışıq.
Biz çox nadir ölkələrdən biriyik ki, eyni zamanda, həm İslam Əməkdaşlıq Təşkilatının, həm də Avropa Şurasının üzvüyük. 2015-ci ildə biz ilk Avropa Oyunlarını təşkil etdik. Bu il biz IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcəyik. Beləliklə, bu, bizim niyyətlərimizi göstərir və biz sivilizasiyalar, mədəniyyətlər arasında dialoqa çoxlu töhfə veririk.
Üzləşdiyimiz problemlərdən ən böyüyü Ermənistan tərəfindən Azərbaycan ərazisinin davamlı işğalıdır. Bu da Ermənistan tərəfindən etnik təmizləmə və ərazimizin 20 faizinin işğalı ilə nəticələnmişdir. BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının ərazimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etmişdir. Bu qətnamələr iyirmi ildən artıqdır ki, kağız üzərində qalmaqdadır. Bütün münaqişələrin həlli eyni prinsipə, eyni yanaşmaya əsaslanmalıdır. Hər bir ölkənin ərazi bütövlüyünə hörmət edilməlidir, onu pozmaq olmaz. Beynəlxalq səviyyədə tanınan sərhədlər güc yolu ilə dəyişdirilə bilməz. Ermənistan və Azərbaycan arasında münaqişə həmçinin region üçün ən böyük təhlükədir. Bizim konstruktiv siyasətimiz münaqişənin BMT Təhlükəsizlik Şurasının və digər vacib təşkilatların qəbul etdiyi qətnamələr əsasında sülh yolu ilə ən tez nizamlanması məqsədini daşıyır.
İndi isə sözümü bitirirəm, çünki mənə ilkin təqdimat üçün 5 dəqiqə vaxtın ayrılacağı söylənilmişdir və sonra suallarınızı məmnuniyyətlə cavablandıracam. Sağ olun.
X X X
Moderatorun sualına cavabında son illərdə ölkəmizdə bütün sahələri əhatə edən islahatların həyata keçirildiyini, Azərbaycanın təşəbbüsü ilə iri enerji və nəqliyyat layihələrinin icra olunduğunu diqqətə çatdıran Prezident İlham Əliyev hazırda ölkəmizin qədim “İpək Yolu”nun bərpasında yaxından iştirak etdiyini, Bakı-Tbilisi-Qars dəmir yolunun çəkildiyini, bu yolun fəaliyyətə başladığı təqdirdə Azərbaycan ərazisindən daşınmaların artacağını və təbii ki, bunun da milli iqtisadiyyatımıza müsbət təsir göstərəcəyini vurğulayaraq dedi:
- Əlbəttə ki, tranzit təbii sərvətlərlə müqayisədə qat-qat qiymətlidir. Çünki təbii sərvətlər gec və ya tez tükənəcəkdir. Tranzit üçün etibarlı və müasir infrastrukturunuz varsa, siz ərazinizdən və yatırdığınız sərmayələrdən faydalanaraq pul qazanacaqsınız. Buna görə nəqliyyat infrastrukturunun birləşdirilməsi bizim üçün ən vacib çağırışlardan biridir. Yeri gəlmişkən, biz indi Xəzər dənizinin sahilində ən böyük dəniz limanının inşasını aparırıq. Onun yükaşırma qabiliyyəti 25 milyon ton və 1 milyon konteynerdir. Biz dəmir yollarımızı təmir edirik. Biz Bakı gəmiqayırma zavodunda artıq bütün növ gəmiləri istehsal edirik ki, həm öz ehtiyaclarımızı ödəyək, o cümlədən Xəzəryanı ölkələri müasir avadanlıqla təchiz edə bilək. Limanın yaxınlığında biz xüsusi azad zona yaratmışıq və bu coğrafi yerləşmədən istifadə edərək şirkətləri sərmayə yatırmağa dəvət edirik.
Tədbirin aparıcısının təyyarənin vurulması hadisəsindən sonra kəskinləşən Rusiya-Türkiyə münasibətlərinin qısa müddətdə necə düzəlməsi və bu məsələdə rəsmi Bakının mövqeyi ilə bağlı sualına cavab verən Prezident İlham Əliyev bildirdi ki, Azərbaycanın öz qonşuları olan İran, Türkiyə və Rusiya ilə yaxşı münasibətləri var və bu, qarşılıqlı hörmətə əsaslanır. Qonşularımız arasında baş verən gərginliklərin Azərbaycanı da narahat etdiyini və bu cür halların regional sabitliyə təhlükə yaratdığını deyən dövlətimizin başçısı Azərbaycanın Türkiyə-Rusiya münasibətlərinin normallaşmasında fəal iştirak etdiyini bildirdi. Bu məqsədlə həm Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, həm də Rusiya Prezidenti Vladimir Putinlə danışdığını, Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin də vasitəçilik prosesində iştirak etdiyini deyən Prezident İlham Əliyev Türkiyə və Rusiya dövlət başçılarının vəziyyəti qiymətləndirib düzgün qərar verdiklərini vurğuladı. Artıq Azərbaycanın sabitləşdirici amil kimi rolunun artdığını və bunun getdikcə beynəlxalq ictimaiyyət tərəfindən daha çox tanındığını deyən Prezident İlham Əliyev bir neçə gün bundan əvvəl ABŞ və Rusiya Baş qərargah rəislərinin Bakıda keçirilən görüşünü şərh edərək bildirdi:
- Onlar ilk dəfə bizim ölkədə görüşdülər. Bakının seçilməsi qərarı bizim deyildi. Biz bu qarşılıqlı əlaqənin təşəbbüskarı kimi çıxış etməmişdik. Bizə yaxınlaşaraq bizim buna razı olub-olmamağımız soruşulmuşdu. Biz dedik ki, əlbəttə, buna razıyıq. Bəs nəyə görə Azərbaycan seçildi? Mən bu sualı özümə verdim. Avrasiyanın xəritəsinə baxaraq gördüm ki, ola bilsin, Azərbaycan onların görüşə biləcəyi yeganə məkandır. Biz NATO-nun üzvü deyilik. Biz Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü deyilik. Biz güclü beynəlxalq nüfuza malik olan ölkəyik. Biz ABŞ, Avropa və qonşularımız, Rusiya ilə çox yaxşı münasibətləri olan, onların hörmət bəslədiyi ölkəyik. Buna görə də artıq nəinki təkcə bizim regionda, həm də daha geniş miqyasda Azərbaycanın sabitləşdirici amil kimi rolu artacaqdır.
Sonra tədbir müzakirələrlə davam etdirildi. Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllindəki fəaliyyəti ilə bağlı suala cavabında Prezident İlham Əliyev bildirdi ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkələri olan Rusiya, ABŞ və Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvləri kimi təcavüzkara təzyiq göstərməli, onların iştirakı ilə münaqişənin həllinə dair Təhlükəsizlik Şurası tərəfindən qəbul olunan dörd qətnamə yerinə yetirilməlidir. “Ermənistan təkcə Dağlıq Qarabağı yox, həmçinin erməni əhalisinin heç vaxt yaşamadığı ətraf yeddi rayonu da işğal edib”, - deyən dövlətimizin başçısı qondarma “Dağlıq Qarabağ rejimi”nin keçirəcəyi “referendum”un tamamilə qanunsuz olduğunu və dünyanın heç bir ölkəsi tərəfindən tanınmadığını bildirdi. Rusiya, ABŞ, Fransa və Avropa İttifaqının artıq Dağlıq Qarabağı müstəqil bir subyekt kimi tanımadığını və bu “referendum”un nəticələrini tanımayacağını bildirən bəyanatlar verdiyini diqqətə çatdırdı.
Azərbaycanın beynəlxalq qurum və təşkilatlarla əlaqələrinə toxunan Prezident İlham Əliyev ölkəmizin Avropa Komissiyasına təklif etdiyi layihə əsasında danışıqlara başlandığını və bu razılaşmanın tezliklə tamamlanacağına ümidvar olduğunu bildirdi. Bununla yanaşı, dövlətimizin başçısı Avropa İttifaqına üzv ölkələrin doqquzu ilə Azərbaycan arasında strateji tərəfdaşlığa dair sazişlərin imzalandığını vurğuladı.
“Avropanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında rolu ilə bağlı gözləntiləriniz nədir?” sualına cavabında Prezident İlham Əliyev bildirdi ki, Dağlıq Qarabağda baş verənlərlə bağlı Ermənistana sanksiyalar tətbiq olunmayıb və bu ikili yanaşma aradan qaldırılmalıdır. Dövlətimizin başçısı səylərin birləşdirilməsi və təcavüzkar Ermənistana torpaqları boşaltmaqla bağlı təzyiq göstəriləcəyi təqdirdə münaqişənin tezliklə həll olunacağına ümid etdiyini diqqətə çatdırdı.
Panel-müzakirələrdə Estoniya Prezidenti xanım Kersti Kalyulayd, Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili, Qazaxıstan Senatının sədri Kasım-Jomart Tokayev və Ukraynanın keçmiş Baş naziri Arseni Yatsenyuk da çıxış ediblər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasına işgüzar səfəri fevralın 19-da başa çatıb.