Prezident seçkiləri Naxçıvan şəhərində şəffaf, azad və demokratik şəraitdə keçirilir
Naxçıvan, 11 aprel, Rauf Əliyev, Tural Kəngərli, AZƏRTAC
Ölkənin ən mühüm siyasi hadisəsi olan prezident seçkiləri Naxçıvan Muxtar Respublikasının paytaxtı Naxçıvan şəhərində də ruh yüksəkliyi ilə keçirilir.
AZƏRTAC-ın Naxçıvan bürosunun əməkdaşları səsvermə prosesini izləmək üçün səhər saatlarında 4 saylı Naxçıvan şəhər seçki dairəsinin əhatə etdiyi seçki məntəqələrində olublar.
Məlumat üçün deyək ki, bu seçki dairəsi üzrə 37 məntəqədə 44 min 400 seçici var və onlardan 183 nəfəri ilk dəfə səs verən şəxslərdir. Muxtar respublikanın paytaxtında seçki prosesinin necə keçirildiyini izləmək, seçicilərin, siyasi partiyaların təmsilçilərinin fikirlərini öyrənmək üçün əvvəlcə Naxçıvan şəhərindəki Heydər Əliyev adına Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində yerləşən 9 saylı seçki məntəqəsində olduq.
Qaydalara uyğun olaraq, 4-9 saylı məntəqə seçki komissiyasının sədri Namiq Novruzov komissiya üzvləri qarşısında seçki qutularının möhürlənməsini həyata keçirdi. Həm daşınan seçki qutusu, həm də məntəqədə yerləşən şəffaf seçki qutuları ayrı-ayrılıqda möhürləndi. Məntəqədə seçkiyə vaxtında - saatlarımız 8:00-ı göstərəndə start verildi. Seçki gününün ilk saatlarından başlayaraq artıq məntəqəyə seçicilərin axını müşahidə edilirdi.
“Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin binasında təşkil edilən 4-17 saylı məntəqədə seçici siyahısı üzrə 1392 seçici qeydiyyatdadır. Burada seçicilərin fəallığı müşahidə olunurdu. Məntəqə seçki komissiyasının işində Yeni Azərbaycan Partiyası, Böyük Quruluş Partiyası, Ana Vətən Partiyasının təmsilçiləri və bitərəflər iştirak edirlər.
Müşahidələrimizi Naxçıvan şəhərindəki 17 nömrəli tam orta məktəbdə yerləşən 4-36 saylı seçki məntəqəsində davam etdiririk. Məntəqənin yerləşdiyi binaya yaxınlaşarkən burada seçicilərin çoxluğu və yüksək əhval-ruhiyyə ilə seçkiyə qatılmaq istəkləri diqqətimizi çəkir. Qeyd edək ki, bu məntəqə üzrə seçici siyahısında adı olan seçicilərin sayı 1493 nəfərdir.
1125 nəfər seçicinin qeydiyyatda olduğu Naxçıvan şəhərindəki 1 nömrəli uşaq bağçasının binasında yerləşən 4-24 saylı seçki məntəqəsində də seçicilərin fəallığı müşahidə olunurdu. Burada seçkiləri yerli müşahidəçilər izləyirdilər.
Bu məntəqədə səs verən Naxçıvan şəhər sakini Adəm Əliyev bizimlə söhbətində bildirdi ki, seçki məntəqəsinin işi yüksək səviyyədə təşkil edilib. Hər kəs sərbəst şəkildə, inandığı və etibar etdiyi namizədə səs verir. Bu da, ölkəmizdə hamının öz hüquqlarını, seçim etməkdə şəxsi məsuliyyətini dərk etdiyinin sübutudur.
4-10 saylı məntəqədə olarkən seçki komissiyasının sədri Pərvin Quliyev bizimlə söhbətində bildirdi ki, bu məntəqənin 1019 nəfər səsvermə hüququ olan seçicisi var. O vurğuladı ki, səhər saatlarından başlayaraq burada seçicilərin fəallığı müşahidə olunur. Səsvermənin gedişində şəffaflığı təmin etmək məqsədilə məntəqədə veb-kamera da quraşdırılıb.
Naxçıvan şəhər 14 nömrəli tam orta məktəbdə yerləşən 28 saylı seçki məntəqəsində seçici siyahısında 1488 nəfər seçicinin adı var. Səhər saatlarında seçicilərin fəallığını, xüsusilə gənclərin seçki prosesinə aktiv şəkildə qatılmasını müşahidə etdik.
Qeyd edək ki, saat 15:00-a olan məlumata görə, 4 saylı Naxçıvan şəhər seçki dairəsi üzrə seçicilərin 25 min 530-u, yəni 57,50 faizi artıq səsvermə hüququndan istifadə edib. Bu, ölkə üzrə ən yüksək göstəricilərdən biridir.