İQTİSADİYYAT
“Promax Electronica” informasiya və rabitə texnologiyaları sahəsində liderdir
Bakı, 27 noyabr (AZƏRTAC). İspaniyanın “Promax Electronica” şirkəti nəzarət-ölçü avadanlığını bütün dünya üzrə təchiz etməklə, informasiya və rabitə texnologiyaları sahəsində liderlərdən biri sayılır. Şirkət kapital dövriyyəsinin 15 faizini elmi araşdırma və ixtira layihələrinə sərf edir.
“BakuTel-2011” 17-ci Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisində bu şirkətin də məhsulları nümayiş etdirilir. “Promax Electronica”nın meneceri Pyotr İvanov AZƏRTAC-a təmsil etdiyi qurumla bağlı məlumat verərək bildirmişdir ki, şirkətin istehsal etdiyi məhsulların sırasına telekommunikasiya sahəsində tətbiq edilən nəzarət-ölçü cihazlarının geniş spektri daxildir. Bundan başqa, şirkət kabel, peyk və yerüstü rəqəmsal televiziya siqnallarının ölçülməsi üçün həll variantlarını təqdim edir. Qeyd etmişdir ki, təqdim edilən stenddə “PROMAX-TV” şirkətinin yeni ixtiraları ilə tanış olmaq mümkündür. Bu ixtiralara TV, kabel şəbəkələri, habelə peyk və mobil televiziya şəbəkələrini ölçən “HD+ explorer” cihazları daxildir.
“PROMAX Electronica” şirkətinin məhsulları bütün dünyada birbaşa və dolayı satışlar üzrə geniş şəbəkə vasitəsilə yayılır.