DÜNYA
Pyotr Poroşenko Prezident Administrasiyasına yeni rəhbər təyin edib
Kiyev, 29 avqust, AZƏRTAC
Ukrayna dövlətinin başçısı Pyotr Poroşenko İqor Raynini Prezident Administrasiyasının rəhbəri təyin edib.
AZƏRTAC Ukrinforma istinadla xəbər verir ki, Prezident Pyotr Poroşenko bu barədə Milli İslahatlar Şurasının iclasında bildirib. Prezident deyib: “Mən İqor Lvoviç Raynini Prezident Administrasiyasının rəhbəri təyin etmişəm”.
Dövlət başçısı Boris Lojkinin bu vəzifədən istefa verdiyini də diqqətə çatdırıb.
İqor Raynin 1973-cü il avqustun 6-da anadan olub. Dövlət idarəçiliyi üzrə elmlər namizədi, Ukraynanın əməkdar iqtisadçısıdır. 2014-cü il noyabrın 17-dən 2015-ci il fevralın 3-dək Ukrayna Prezidenti Administrasiyası rəhbərinin müavini vəzifəsini tutub. 2015-ci il fevralın 3-dən Xarkov Vilayət Dövlət Administrasiyasının sədri vəzifəsində çalışıb.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev