CƏMİYYƏT
Qaçqın və məcburi köçkün soydaşlarımıza bayram sovqatı
Bakı, 20 dekabr (AZƏRTAC). Dekabrın 20-də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları münasibətilə daxili işlər nazirinin müavini, polis general-leytenantı Əsgər Ələkbərovun başçılığı ilə DİN təmsilçilərindən ibarət heyət Sabirabad rayonunda müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkünlərlə görüşmüşdür.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, polis general-leytenantı Əsgər Ələkbərov respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubovun qarşıdan gələn əlamətdar bayramlar münasibətilə təbriklərini və xoş arzularını doğma yurd-yerlərindən didəgrin düşmüş insanlara çatdıraraq bu kateqoriyadan olan soydaşlarımızla sıx təmasların qurulmasının, onların qayğı və problemlərinə hər zaman diqqətlə yanaşılmasının əsasının hələ ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu məmnunluqla xatırlatmışdır.
Prezident İlham Əliyevin də ümummilli liderimizin kursunu uğurla davam etdirdiyini vurğulayan nazir müavini ölkəmizin başçısının hər zaman qaçqın və məcburi köçkünlərin problemlərinə xüsusi diqqət və qayğı ilə, həssaslıqla yanaşmağı bütün dövlət qurumlarının rəhbərlərindən tələb etdiyini, sosial müdafiə cəhətdən zəif təmin edilən bu insanların həyat, məişət şəraitlərinin daha da yaxşılaşdırılması üçün görülən tədbirlərdən, dövlət və ordu quruculuğu, cinayətkarlıqla mübarizədə əldə olunmuş uğurlardan danışmışdır.
Qaçqın və məcburi köçkün soydaşlarımız adından çıxış edənlər dövlətimizin başçısının yürütdüyü siyasəti ürəkdən bəyəndiklərini və dəstəklədiklərini bildirərək, onların problemlərinə həssaslıqla yanaşdıqlarına, göstərilən daimi diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz dərin minnətdarlıqlarını bildirmişlər.
Daha sonra daxili işlər orqanları əməkdaşlarının könüllülük prinsipi əsasında topladıqları 63 min manatlıq vəsaitin 40 min manatı Sabirabadda məskunlaşmış həmvətənlərimizə çatdırılmışdır.
Vəsaitin qalan 23 min manatı isə elə həmin gün Goranboy rayonunun Ağcakənd qəsəbəsində yaşayan qaçqın və məcburi köçkün soydaşlarımıza göndərilmişdir.