CƏMİYYƏT
Qalaaltı və Çıraqqala kəndləri yaxınlığında meşəlik ərazidə baş vermiş yanğınlar qismən söndürülüb
Bakı, 29 iyul, AZƏRTAC
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Siyəzən rayonunun Qalaaltı və Şabran rayonunun Çıraqqala kəndlərinin yaxınlığında meşəlik ərazidə (mürəkkəb relyefli yüksək dağ massivində) baş vermiş yanğınlar qismən söndürülüb.
AZƏRTAC Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir ki, alovun yaşayış məntəqələrinə və istirahət mərkəzlərinə doğru hərəkətinin qarşısı tam alınıb. Hazırda tüstülənmə davam edir, açıq alov müşahidə olunmur. Yaşayış məntəqələri və istirahət obyektləri üçün təhlükə yoxdur.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri və aviasiya dəstəsinin qüvvələri tərəfindən yanğınların tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. Əlavə məlumat veriləcək.