ELM VƏ TƏHSİL
“Qarabağın tarixi–mədəni irsi” adlı respublika elmi konfransına məruzələr qəbul olunur
Bakı, 8 fevral, AZƏRTAC
Milli Azərbaycan Tarixi Muzeyinin təşkilatçılığı ilə noyabr ayında “Qarabağın tarixi-mədəni irsi” adlı respublika elmi konfransı keçiriləcək. Konfrans ölkəmizdə 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən təşkil olunacaq.
Muzeydən AZƏRTAC-a bildirilib ki, konfransda iştirak etmək üçün məruzələr iyunun 1-dək [email protected] və [email protected] e-poçt ünvanlarına göndərilməlidir.
Konfrans Qarabağın maddi-mənəvi irsi və muzeylər, Qarabağın abidələri və görkəmli ziyalıları, Qarabağ irsinin muzey kolleksiyalarında təbliği məsələləri, Qarabağda müasir dövrdə aparılan mədəni quruculuq işləri mövzularını əhatə edəcək.
Məruzələrin tərtibatına dair tələblər:
− Məruzənin əvvəlində müəllifin soyadı, adı, elmi dərəcəsi (əgər varsa), iş yeri və vəzifəsi, əlaqə telefonları, elektron poçtunun ünvanı göstərilməlidir.
− Müəllifin adı və soyadı, məruzənin adı kursivlə (İtalic) göstərilməlidir.
− Məruzəyə 4-5 açar söz əlavə edilməlidir.
− Mətnin həcmi - 8 səhifəyədək. Şrift “Times New Roman”, 14, sətirlərarası interval - 1,5. Şəkillər jpg formatında təqdim olunmalıdır.
− İstinadlar - hər səhifənin sonunda. Şrift - Times New Roman, 12, sətirlərarası interval - 1.