SİYASƏT
Qazax rayonunun dörd kəndinin azad olunması Prezident İlham Əliyevin siyasi uzaqgörənliyinin nəticəsidir RƏY
Bakı, 24 may, AZƏRTAC
Qazax rayonunun Ermənistan tərəfindən işğal olunmuş dörd kəndinin bir güllə atılmadan azad olunması bilavasitə Prezident İlham Əliyevin sarsılmaz qətiyyətinin və siyasi uzaqgörənliyinin nəticəsidir. Prezident İlham Əliyevin liderliyi və uzaqgörənliyi Azərbaycan və Ermənistan arasında mürəkkəb delimitasiya prosesinin uğurla həyata keçirilməsində mühüm rol oynadı.
Bu sözləri “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimov AZƏRTAC-a açıqlamasında deyib.
Z.İbrahimov delimitasiya prosesində Azərbaycan torpaqlarının bir qarışının da Ermənistana verilməməsini xüsusi vurğulayıb. Bildirib ki, Prezident İlham Əliyevin bu il yanvarın 10-da yerli televiziyalara verdiyi müsahibədə Azərbaycan kəndlərinin Ermənistanın işğalı altında qalmasının qəbuledilməz olduğunu bəyan etməsi bu prosesdə dönüş nöqtəsi oldu. Prezident bu torpaqların Azərbaycana qaytarılmasının vacibliyini və əhəmiyyətini vurğulayaraq, bu məsələnin həlli üçün konkret vəzifələr qoydu. Müzəffər Ali Baş Komandanın qətiyyəti bu ərazilərin dinc yolla, bir güllə belə atılmadan qaytarılmasını təmin edən əsas amildir. Ermənistan tərəfindən işğal olunmuş dörd kəndin qaytarılması davam edən sülh müzakirələri prosesində nəzərəçarpacaq nailiyyətdir. Prezident İlham Əliyevin müdrik rəhbərliyinin nəticəsi kimi, bu nailiyyət ərazi mübahisələrində ardıcıl diplomatik səylərin və milli suverenlik prinsiplərinin əsas düstur olduğunu bir daha nümayiş etdirdi.
“Ən böyük nailiyyət, həmçinin bütün prosesin diplomatik kanallar vasitəsilə, hərbi müdaxiləyə ehtiyac olmadan həyata keçirilməsidir. Bu proses diplomatiyanın effektivliyini və konstruktiv dialoqun vacibliyini bir daha nümayiş etdirdi. Prezident İlham Əliyevin diplomatik yanaşmaya sadiqliyi regionda münaqişələrin həlli üçün presedent yaradıb və bu göstərdi ki, qətiyyətli və strateji diplomatiya daha çox müsbət nəticələr verə bilər. Qazax rayonunun dörd kəndinin qaytarılması Azərbaycanın böyük uğuru və Prezident İlham Əliyevin uzaqgörən liderliyinin nümunəsi kimi strateji məqsədlərə nail olmaqda diplomatiyanın potensialını nümayiş etdirir. Belə diplomatik qələbələrlə Azərbaycan dünya birliyinə nümayış etdirdi ki, rəsmi Bakı regiona kənar müdaxilələrə, Ermənistanda revanş hissi ilə baş qaldırmaq istəyən qüvvələrin fəallaşmasına baxmayaraq, daim sülhsevər siyasət yürüdür və istədiyinə nail olur”, - deyə Z.İbrahimov vurğulayıb.