QAZAXDA ÜÇ AYIN YEKUNLARI İLƏ BAĞLI MÜŞAVİRƏ KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Qazax Rayon İcra Hakimiyyətində cari ilin üç ayında görülmüş işlər və qarşıda duran vəzifələrə həsr olunmuş geniş şura iclası keçirilmişdir.
Yığıncaqdan əvvəl iştirakçılar ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə əklil və tər çiçək dəstələri qoymuş, xatirəsini ehtiramla anmışlar.
Rayon icra hakimiyyətinin başçısı Rauf Hüseynovun məruzəsində cari ilin üç ayında rayonda görülən işlərdən bəhs edilmişdir. 2008-ci ilin birinci rübündə rayon üzrə əsas kapitala yönəldilən investisiyaların həcmi 275,7 min manat artaraq 2 milyon 410 min manat olmuşdur. Bu vəsaitin 210 min manatı sənayeyə, 680 min manatı kənd təsərrüfatına, 980 min manatı tikintiyə, 360 min manatı nəqliyyata, 20 min manatı rabitəyə, 160 min manatı isə sosial sahəyə yönəldilmişdir.
Rayonda ümumi məhsul buraxılışı 11 milyon 300 min manat olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 519 min manat çoxdur. Sənaye məhsulunun ümumi həcmi 67 min manat, kənd təsərrüfatı məhsulları istehsalı 69 min manat, sənaye məhsulunun qeyri-dövlət bölməsi üzrə 14 min manat çox olmuşdur.
Adambaşına düşən ümumi məhsul istehsalının həcmi 129 manat, orta aylıq əmək haqqı 120 manat, əhaliyə göstərilən pullu xidmətlərin həcmi isə 2 milyon 150 min manat olmuşdur ki, bunlar da ötən ilin müvafiq dövrü ilə müqayisədə xeyli çoxdur.
Dövlət Proqramına uyğun olaraq, 2004-2007-ci illərdə rayonda aparılmış tikinti-quruculuq və abadlıq işləri 2008-ci ilin birinci rübündə də uğurla davam etdirilmişdir. Hazırda ulu öndər Heydər Əliyevin adını daşıyan Müalicə-Diaqnostika Mərkəzində, şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün 16 və 24 mənzilli binalar da, “AzRosProminvest” MMC-nin ikinci hissəsində, Ağköynək kəndindəki 480 şagird yerlik məktəb binasında, rayon maliyyə idarəsinin inzibati binasında tikinti işləri və Qazax Dövlət Rəsm Qalereyasının binasında təmir işləri davam etdirilir.
2008-ci ilin birinci rübü rayonun kənd təsərrüfatı üçün də uğurlu olmuşdur. Bu müddətdə iribuynuzlu mal-qaranın sayı 949 baş, qoyun və keçilərin sayı isə 3881 baş artmışdır. Ət istehsalı 100 ton, süd istehsalı 460 ton, yumurta istehsalı 47 min ədəd çox olmuşdur. Hazırda bu ilin məhsulu üçün 6535 hektar sahədə taxıl yetişdirilir ki, bu da ötən ilkindən 2,1 dəfə çoxdur. Natiq abadlıq və quruculuq işlərinin ilboyu davam etdiriləcəyindən, sənaye və kənd təsərrüfatı məhsullarının istehsalı həcminin daim artırılacağından da danışmışdır.
Yığıncaq iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul edilmişdir.