DÜNYA
Qazaxıstan ilə Çin Xalq Respublikası arasında əlaqələrin inkişaf perspektivləri müzakirə olunmuşdur
Astana, 7 aprel (AZƏRTAC). Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Çin Xalq Respublikasında (ÇXR) rəsmi səfərdədir.
Qazaxıstan Prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir ki, N.Nazarbayev ÇXR-nın sədri Si Szinpini bu yüksək vəzifəyə seçilməsi münasibəti ilə təbrik etmiş, ona uğurlar arzulamışdır.
Görüşdə iki ölkə arasında nəqliyyat, sərhədyanı əməkdaşlıq, transsərhəd çaylarının tənzimlənməsi məsələləri müzakirə edilmiş, Qazaxıstandan Çinə taxıl və un ixracı, həmçinin ÇXR ərazisi vasitəsilə üçüncü ölkəyə keçid məsələlərində razılıq əldə olunmuşdur.
İki ölkə arasında ticarət dövriyyəsinin ildən-ilə artdığı vurğulanmış və bildirilmişdir ki, 2012-ci ildə ticarət mübadiləsi 12,5 faiz artaraq 24 milyard ABŞ dolları təşkil etmişdir. Mal mübadiləsinin 2015-ci ilədək 40 milyard dollara çatdırılması qərara alınmışdır.
N.Nazarbayev demişdir ki, Qazaxıstan iki ölkə arasında əməkdaşlığın beynəlxalq təşkilatlar çərçivəsində genişlənməsini də yüksək qiymətləndirir. Qazaxıstan Çinin 2014-2016-cı illər üçün Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirlərinə dair Müşavirəyə sədrlik istəyini də dəstəkləyir.
Qazaxıstan Prezidentinin ÇXR-na rəsmi səfəri davam edir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Astana