İQTİSADİYYAT
Qazaxıstan XİN-in başçısı: Orta Dəhliz Asiya və Avropa arasında tamdəyərli ticarət və investisiya əlaqələri üçün yeni imkanlar açır
![Qazaxıstan XİN-in başçısı: Orta Dəhliz Asiya və Avropa arasında tamdəyərli ticarət və investisiya əlaqələri üçün yeni imkanlar açır](/files/2023/3/1200x630/16988260605775130364_1200x630.jpeg)
Bakı, 1 noyabr, AZƏRTAC
Orta Dəhliz və ya Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Asiya və Avropa arasında tamdəyərli ticarət və investisiya əlaqələri üçün yeni imkanlar açır. Biz beynəlxalq tərəfdaşlarımızla bu dəhlizin inkişafına xüsusi diqqət ayırırıq.
AZƏRTAC “Kazinform”a istinadla xəbər verir ki, bu fikirləri Qazaxıstan Respublikası Baş nazirinin müavini - xarici işlər naziri Murat Nurtleu xarici işlər nazirlərinin Aşqabadda keçirilən “Mərkəzi Asiya-ATƏT” forumunda bəyan edib.
Onun sözlərinə görə, Mərkəzi Asiya uzaq bazarları birləşdirmək kimi unikal imkana malikdir, həmçinin Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri boyunca quru körpü rolunu oynaya bilər. M.Nurtleu bu kontekstdə Qazaxıstan-Özbəkistan sərhədində beynəlxalq sənaye əməkdaşlığı mərkəzini xüsusi vurğulayaraq, yaxın günlərdə belə bir mərkəzin Qırğız Respublikası ilə sərhəddə də fəaliyyətə başlayacağını bildirib. “Biz Tacikistanda və Türkmənistanda distribusiyanın yaradılması istiqamətində də iş aparırıq”, - deyə nazir qeyd edib.
Təhlükəsizlik sahəsində qlobal çağırışlardan söhbət açan Baş nazirin müavini “hazırda baş verən fəlakətlərin şərti olaraq dünyanın bütün xalqlarına aid edildiyini” nəzərə çarpdırıb.
“Qazaxıstan ATƏT-in möhkəmləndirilməsinə öz töhfəsini verməyə, hazırkı sədrə bundan sonra da kömək göstərməyə hazırdır”, - deyə Qazaxıstan XİN başçısı qeyd edib.