İQTİSADİYYAT
Qazlaşdırılma ilə bağlı 2023-2027-ci illəri əhatə edəcək proqram hazırlanır
Bakı, 9 sentyabr, AZƏRTAC
Ölkə üzrə yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı 2023-2027-ci illəri əhatə edəcək proqram hazırlanır.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Azəriqaz”ın Yeni qazlaşma və inkişaf şöbəsinin rəis müavini İlham Mehbalıyev “Açıq qapı” aksiyası çərçivəsində media nümayəndələri ilə keçirilən görüş zamanı deyib.
Onun sözlərinə görə, proqrama əsasən, 320 yaşayış məntəqəsinin qazlaşdırılması nəzərdə tutulub ki, onlardan 235-i meşəətrafı, qalanları isə həmin kəndlərə nisbətən yaxın, ancaq meşəətrafı olmayan məntəqələrdir: “Hazırda işğaldan azad olunan ərazilər istisna olunmaqla respublika üzrə ümumi 979 qazlaşmayan ərazimiz var. Onlardan 426 yaşayış məntəqəsi meşəətrafı yaşayış məntəqələridir. Bu ərazilərin daxilində isə qazlaşması texniki-iqtisadi cəhətdən səmərəsiz kimi qiymətləndirilən yaşayış məntəqələri var. Biz bu məsələ üzrə dövlətə müraciət etmişik ki, onların digər alternativ mənbələrdən istifadə etməklə yanacaqla təmin edilməsinə baxılsın”.