İQTİSADİYYAT
“Qazprom” şirkəti Avropaya qaz ixracını artırmışdır
Bakı, 26 may (AZƏRTAC). Rusiya Federasiyasının “Qazprom” şirkəti may ayında Avropaya təbii qaz ixracatını artırmışdır.
AZƏRTAC Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, iqtisadi inkişaf fonunda dünyada baş verən iğtişaşlar, Yaponiyadakı zəlzələ və nüvə faciəsi “Qazprom”un ixracatında artıma səbəb olmuşdur. “Qazprom“dan bildirmişlər ki, Avropaya “mavi yanacağ”ın ixracatı ötən ilin müvafiq dövrü ilə müqayisədə apreldə 20, mayda isə 30 faiz artmışdır.
“Qazprom”un idarə heyətinin sədri Aleksey Miller Avropaya “mavi yanacaq” marşrutlarını şaxələndirəcək “Cənub axını” boru xətti ilə əlaqədar bildirmişdir ki, “A.On” alman enerji şirkəti bu xəttə ortaq olacaqdır. Bundan başqa, Fransanın “EdF“ şirkətinin 10, Almaniyanın “Wintershall” şirkətinin 15 faiz payla layihədə iştirakı gözlənilir.
Qeyd edək ki, “Qazprom və İtaliyanın “Eni” şirkətlərinin “Cənub axını” müştərək layihəsi ilə Rusiyadan Avropaya ildə 63 milyard kubmetr təbii qaz ötürüləcəkdir. 21 milyard dollara başa gəlməsi planlaşdırılan bu layihənin 2015-ci ildə istifadəyə verilməsi nəzərdə tutulur.