Qəbələdə Aprel şəhidi Sahil Şirinovun xatirəsi yad edilib
Qəbələ, 5 aprel, Şahnəzər Bəşirov, AZƏRTAC
Torpaqlarımızın bütövlüyü uğrunda Qarabağda gedən Aprel döyüşlərində şəhid olan, Qəbələ rayonu Bum qəsəbə sakini Sahil Şirinovun xatirəsi ehtiramla anılıb. Mərasimdə rayon icra hakimiyyətinin, təhsil şöbəsinin, idarə və təşkilatların rəhbərləri, ümumtəhsil məktəblərinin direktorları, şəhidlərin təhsil aldığı məktəbin müəllimləri və qəsəbə ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ictimaiyyət nümayəndələri əvvəlcə Aprel şəhidi, leytenant Sahil Şirinovun məzarını ziyarət edib, üzərinə gül-çiçək dəstələri düzüb, ruhuna dualar oxuyublar.
Anma tədbiri şəhidin təhsil aldığı Təbriz Yaqubov adına Bum qəsəbə tam orta məktəbində davam etdirilib. Tədbir iştirakçıları Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının əziz xatirəsini birdəqiqəlik sükutla yad ediblər. Rayon icra hakimiyyəti başçısının müavini Ətayə Osmanova Qarabağ uğrunda gedən döyüşlərdə erməni işğalçılarına Azərbaycan ordusunun verdiyi layiqli cavabdan, hərbçilərimizin göstərdiyi şücaətdən danışıb. O, Azərbaycan Silahlı Qüvvələrinin torpaqlarımızı düşmən işğalından azad etməyə hər an hazır olduğunu bildirib.
Təhsil şöbəsinin müdiri Arifə Bayramova Aprel döyüşlərində düşmənin ordumuzun qüdrəti qarşısında aciz qaldığını və böyük itki verərək geri çəkildiyini qeyd edib. O, güclü Azərbaycan ordusunun və əsgərlərinin erməni işğalçılarında vahimə yaratdığını, xalqımızın öz torpaqlarını heç zaman onlara güzəştə getməyəcəyini deyib. Sonra Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi rayon filialının müdiri İmran Mustafayev, Bum qəsəbə tam orta məktəbinin direktoru Məlahət Dadaşova, şəhidlərin müəllimləri, ailə üzvləri çıxış ediblər. Bildirilib ki, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəmanlarımız heç zaman unudulmayacaq, onların əziz xatirələri daim qəlbimizdə yaşayacaq. Sonda məktəblilərin şəhidlərə həsr etdikləri ədəbi-bədii kompozisiya nümayiş olunub.
Həmçinin Aprel döyüşləri zamanı düşmən işğalı altında olan torpaqlarımızın bir qisminin azad edilməsinin ildönümü münasibətlə Qəbələ rayonunda olan bütün ümumtəhsil məktəblərində “Aprel döyüşərində ordumuzun mütəşəkkil qələbəsi” mövzusunda tədbirlər keçirilib, şagirdlərin ifasında kompazisiyalar təqdim olunub, “Torpaq uğrunda ölən varsa Vətəndir” mövzusunda çıxışlar edilib. Tədbirlərdə çıxış edənlər qeyd ediblər ki, torpaqlarımızın bütövlüyü naminə canından keçən Vətən övladlarının xatirəsi daim dərin hörmətlə anılır. Bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayan gənclər qüdrətli Azərbaycan ordusunun Aprel döyüşlərində hərb tariximizə yeni şanlı səhifə yazdığını bildiriblər.