İDMAN
Qəbələdə “Gənc xilasedici və yanğınsöndürən” adlı respublika yarışının zona mərhələsi keçirilmişdir
Qəbələ, 22 may (AZƏRTAC). Fövqəladə Hallar Nazirliyinin (FHN) Şimal-Qərb Regional Mərkəzində “Gənc xilasedici və yanğınsöndürən” adlı respublika yarışının zona mərhələsi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, FHN-in təşkilatçılığı, Təhsil, Gənclər və İdman nazirliklərinin dəstəyi ilə keçirilən yarışdan öncə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin FHN-in Şimal-Qərb Regional Mərkəzinin həyətindəki büstü önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad etmişlər.
Yarışın açılış mərasimində bildirilmişdir ki, əsas məqsəd yeniyetmə və gənclərin fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsi, məktəblilərə şəxsi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin aşılanması, gənc nəslə hərbi-vətənpərvərlik ruhunun aşılanması və sağlam həyat tərzinin təbliğidir.
Yarış iştirakçıları beş mərhələdə-“Manelər zolağı”, “Kombinəedilmiş yanğın estafaeti”, “Axtarış-xilasetmə işi”, “Komandaların təqdimatı” və “Gənc ekspertlər” üzrə birincilik uğrunda mübarizə aparmışlar. Qəbələ, İsmayıllı və Qobustan komandaları müvafiq olaraq zona yarışında I-III yerləri tutmuşlar. Qəbələ və İsmayıllı komandaları ümumrespublika yarışının finalında iştirak etmək hüququ qazanmışlar.