MƏDƏNİYYƏT
Qəbələdə keçirilən beynəlxalq konfransda yerli və xarici arxeoloqların, tarixçi alimlərin maraqlı məruzələri dinlənilmişdir
Qəbələ, 8 noyabr (AZƏRTAC). Qəbələ şəhərində “Azərbaycanın qədim şəhər mədəniyyəti dünya urbanizasiya kontekstində” mövzusunda Beynəlxalq elmi konfrans işini davam etdirir.
AZƏRTAC xəbər verir ki, proqrama uyğun olaraq 3 bölmə üzrə keçirilməsi nəzərdə tutulan konfransın noyabrın 8-də keçirilən ilk iş iclasında AMEA-nın vitse-prezidenti, Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru Maisə Rəhimova, Rusiya Elmlər Akademiyasının müxbir üzvü Rauf Munçayev tədbirin əhəmiyyətindən danışmışlar.
Konfransda Azərbaycanın Naxçıvan və Qarabağ bölgələrində eramızdan əvvəl II-I minillikləri əhatə edən tunc və erkən dəmir dövrlərinə aid şəhər mədəniyyəti abidələrinin arxeoloji araşdırmaları, bu şəhərlərin Qafqazın qədim tarixində mövqeyinə həsr olunmuş məsələlər müzakirə edilmişdir.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, memarlıq doktoru, professor, Milli Məclisin deputatı Gülçöhrə Məmmədova “Qafqaz Albaniyasında şəhərsalma mədəniyyəti”, AMEA-nın müxbir üzvü, Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru, professor İlyas Babayev “Qədim cəmiyyətlərdə şəhərlər, Azərbaycanda şəhər mədəniyyətinin yaranması”, Arxeologiya və Etnoqrafiya İnstitutunun direktor müavini, tarix elmləri namizədi Nəcəf Müseyibli “Mesopatomiya və Şərqi Qafqaz: protoşəhər mədəniyyətinin yaranması və inkişafı”, Koreya Respublikasından olan arxeoloq-alim Kim Yongil “Qəbələnin qədim Səlbir yaşayış sahəsində məişət yerinin və tikinti strukturunun öyrənilməsi”, Rusiya Elmlər Akademiyasının Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutunun Dağıstan Elmi Mərkəzinin rəhbəri, professor Omar Davudov “Dağıstanın alban dövrü məişət abidələrində müdafiə tikililəri”, koreyalı arxeoloq Kvon Ohyoung “Səlbir qədim yaşayış yerinin qala divarının strukturu və dövrü”, AMEA-nın müxbir üzvü, professor Vəli Əliyev “Azərbaycanın qədim qala şəhərləri”, BDU-nun arxeologiya və etnoqrafiya kafedrasının müdiri, professor Qüdrət İsmayılzadənin “Azərbaycanda urbanizasiya proseslərinin ilkin mərhələləri” mövzusunda məruzələri maraqla qarşılanmışdır.
Konfransın ikinci hissəsində Ukraynadan Nataliya Burdonun “Tripoli yaşayış yerlərində dini inanc izləri”, Mixail Videykonun “Eramızdan əvvəl V-IV minilliklərdə Cənub-Şərqi Avropada erkən urbanizasiya mərhələləri”, Almaniyadan Qundula Mehnertin “Cənubi Qafqazda Skif tapıntıları və Əhəməni təsiri”, Florian Knausun “Cənubi Qafqazda Əhəməni dövrünün administrativ mərkəzi”, Kristian Pillerin “Xəzər dənizinin cənub regionunda tunc dövrü şəhərlərinin inkişafı”, Azərbaycandan Abbas Seyidovun “Eramızdan əvvəl III-I minilliklərdə Naxçıvan ərazisində erkən şəhər mədəniyyəti”, Bəhlul İbrahimlinin “Gilançay vadisində şəhərlərin yaranması və inkişafı”, Tükəzban Göyüşovanın “Gədəbəy rayonunda siklopik tikililərdə aparılmış son tədqiqatlar”, Faiq Babayevin “Şimali Azərbaycanda eramızdan əvvəl VII-IV əsrlərə aid yaşayış yeri”, Elvin Əliyevin “Ordubadın qədim yaşayış yerləri”, Gülana Əliyevanın “Qarabağ düzündə qədim yaşayış yerləri”, Rusiyadan Nataliya Skakın “Gilançay vadisi abidələrindən aşkar edilmiş daş məmulatların kompleks öyrənilməsi” mövzusunda məruzələri dinlənilmişdir.
Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu və SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan, Rusiya, ABŞ, Türkiyə, Koreya Respublikası, Gürcüstan, Ukrayna, ABŞ, İran, Qazaxıstan, Almaniya, Fransadan 100-ə yaxın tanınmış tarixçi alimlər və arxeoloqlar iştirak edirlər.
Konfrans noyabrın 10-dək davam edəcəkdir.