İQTİSADİYYAT
Qəbələdə tikinti-quruculuq işləri geniş vüsət almışdır
Qəbələ, 26 aprel (AZƏRTAC). Qəbələdə cari ilin birinci rübü ərzində görülmüş işlərə və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə ötən dövrün rayonun sosial-iqtisadi həyatında uğurlu nəticə ilə yadda qaldığı, bu müddətdə tikinti-quruculuq işlərinin geniş vüsət aldığı qeyd edilmişdir. Hesabat məruzəsində qeyd edilmişdir ki, bu ilin birinci rübündə Qəbələdə ayrı-ayrı sahələr üzrə 39.616 min manatlıq məhsul istehsal edilmişdir ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 5,7 faiz çoxdur.
Bu dövrdə adambaşına düşən ümumi məhsul buraxılışı 402 manat təşkil etmişdir ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 17 manat, yaxud 4,4 faiz çox olmuşdur.
Bildirilmişdir ki, cari ilin birinci rübündə rayonda 224 yeni iş yeri açılmışdır ki, onların hamısı daimidir.
Məlumat verilmişdir ki, 2013-cü ilin birinci rübündə Qəbələ Mədəniyyət Mərkəzində, Qaradeyin kəndində inşa edilən şərab zavodunda, Böyük Əmili kəndində inşa edilən 650 başlıq heyvandarlıq kompleksində, Vəndam qəsəbəsində inşa edilən 600 başlıq heyvandarlıq kompleksində tikinti-quraşdırma işləri başa çatdırılmışdır.
Məruzədə o da vurğulanmışdır ki, bu ilin 3 ayı ərzində rayonda torpaq sahibləri tərəfindən 347 hektar sahədə yazlıq bitkilər əkilmişdir ki, bunun da 212 hektarını kartof, 47 hektarını tərəvəz, 88 hektarını isə birillik və çoxillik otlar təşkil etmişdir. Yazlıq bitkilərin əkini davam edir. Rayon üzrə iri buynuzlu mal-qaranın sayı artaraq 52 min 715 başa, qoyun-keçilərin sayı 219 min 589 başa çatmışdır.
Tədbirdə idarə və təşkilat rəhbərləri çıxış edərək təmsil etdikləri sahədə görülmüş işlər barədə məlumat vermiş, qarşıda duran vəzifələrdən danışmışlar.
Yığıncaqda Milli Məclisin deputatı Fəttah Heydərov iştirak etmişdir.