REGİONLAR
“Qəhrəman Nayib” sənədli filminin təqdimatı keçirilib
Masallı, 12 iyun, Bağır Əliyev, AZƏRTAC
Masallı Rayon Heydər Əliyev Mərkəzində Vətən müharibəsində qəhrəmanlıqlar göstərərək şəhidlik zirvəsinə ucalmış baş çavuş Nayib Qasımovun xatirəsinə həsr olunmuş “Qəhrəman Nayib” sənədli filmin təqdimatı keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, təqdimat mərasimində əvvəlcə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirin aparıcısı, Masallı Xalq Teatrının rejissoru Cəmaləddin Əliyev bildirib ki, “Qəhrəman Nayib” sənədli filminin ssenari müəllifi Mərhəmət Lələyev, quruluşçu rejissoru Elsevər Əliyev, operator və montaj rejissoru isə Faiq Mirzədir. Sənədli filmdə xüsusi təyinatlı olan baş çavuş Nayib Qasımovun həyatı və şərəfli döyüş yolu barədə şəhidin ailə üzvləri, yaxınları xatirələrini bölüşüblər.
Filmin nümayişindən sonra şəhidin atası Akif Qasımov, “Tərəqqi” medallı jurnalist Əyyub Mehdiyev, Aprel döyüşlərində şəhid olan Nurlan Əsgərlinin və “Vətən Müharibəsi Qəhrəmanı” İntiqam Əsgərlinin anası Ziba Əsgərova, şəhidin əmisi, ehtiyatda olan zabit Tofiq Qasımov, Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Nurlan Muradov və digərləri çıxış edərək, Vətən müharibəsində Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun əsgər və zabitlərinin, o cümlədən Nayib Qasımovun qəhrəmanlıqlarından danışıb, filmin ərsəyə gəlməsində əməyi olanlara minnətdarlıqlarını bildiriblər.
Vətən müharibəsinin şəhidi Nayib Akif oğlu Qasımov “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.