DÜNYA
Qətərin Suveren İnvestisiya Fondu cari ildə 30 milyard dollar investisiya yatırmağı planlaşdırır
Bakı, 23 aprel (AZƏRTAC). Qətərin Suveren İnvestisiya Fondu (QIA) cari ildə 30 milyard dollardan çox investisiya yatırmağı planlaşdırır. Bu vəsait əsasən xammal aktivlərinə yönəldiləcəkdir.
Bu barədə QIA İcraiyyə Şurasının üzvü Hüseyn əl-Abdulla Dohada keçirilmiş konfransdan sonra məlumat vermişdir.
Hüseyn əl-Abdulla xammalın qiymətlərinin 2002-ci ildən bəri fasiləsiz surətdə artdığını qeyd edərək demişdir: “Maliyyə böhranına görə investorlar xammal aktivlərinə yetərincə vəsait ayırmırlar və ola bilsin ki, bu trend 2016-2017-ci illərdə tələblə təklif arasında tarazsızlıq yaratsın. Bu isə qiymətlərin qalxmasına səbəb olacaqdır”.
Qeyd edək ki, QIA-nın sahib olduğu aktivlərin spektri Almaniyanın avtomobil istehsal edən Porsche şirkətindən tutmuş Britaniyanın Barclays bankınadək çox müxtəlifdir.
Bundan başqa, fond tədricən İsveçrənin Xstrata şirkətinin səhmlərini almaqda davam edir. Hazırda şirkətdə QIA-nın payı 6,3 faizə çatır.
Fransanın nəhəng Total neft-qaz şirkətində QIA-nın payı 3 faizə çatır. Fond həmçinin LVMH modalar evinin və İsveçrənin Credit Suisse Bankının səhmlərinə sahibdir.
Fondun nümayəndələri bildirirlər ki, QIA-nın strategiyası sadədir - imkan yarandıqca ondan istifadə etməli.
X.əl-Abdullanın sözlərinə görə, Afrika aktivlərinə birbaşa investisiyalar fond üçün maraqlı olardı.
O bildirmişdir ki, QIA-nın ümumi aktivlərinin dəyəri 100 milyard dollardan xeyli çoxdur. O, konkret rəqəm göstərməmişdir.
QIA 2005-ci ildə neft-qaz sektorundan gələn gəlirlərin toplanması və onların beynəlxalq bazarlarda investisiyası üçün yaradılmışdır.