ELM VƏ TƏHSİL
Qırğızıstan səfiri AMEA-nın Gəncə bölməsinin fəaliyyəti ilə tanış olub
Bakı, 24 may, AZƏRTAC
Qırğızıstanın Azərbaycandakı səfiri Kayrat Osmonaliyev AMEA-nın Gəncə bölməsində olub və bu elm ocağının nəzdində fəaliyyət göstərən Nizami Gəncəvi Mərkəzinin fəaliyyəti ilə tanış olub.
Bu barədə AZƏRTAC-a Nizami Gəncəvi Mərkəzindən məlumat verilib.
Görüş zamanı Nizami Gəncəvi Mərkəzinin direktoru filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov dahi şair və mütəfəkkirin irsinin öyrənilməsi və təbliği üzrə fəaliyyət göstərən bu elmi qurumun tədqiqat istiqamətləri haqqında danışıb. O, həmçinin AMEA Gəncə bölməsinin və onun Nizami Gəncəvi Mərkəzinin beynəlxalq əlaqələrinin genişləndirilməsi, eləcə də buranın nəşrləri, o cümlədən “Nizamişünaslıq” jurnalı haqqında məlumat verib. Ə.Muxtarov bu jurnalda digər ölkələrin alimlərinin olduğu kimi, qırğızıstanlı həmkarların da elmi məqalələrinin çap edilməsini, eləcə də redaksiya heyətində iştiraklarını arzuladığını qeyd edib.
Mərkəzin direktoru dahi Nizaminin bəşəri fəlsəfəsinin azərbaycanlılar üçün milli-ideoloji əhəmiyyət kəsb etdiyini deyib. O vurğulayıb ki, Nizami irsinin öyrənilməsi və dünyada təbliği Ulu Öndər Heydər Əliyevin milli strateji düşüncə və fəaliyyəti sayəsində mümkün olub və dahi mütəfəkkir Nizami Gəncəvinin yubileylərinin ən yüksək səviyyədə qeyd olunması Ümummilli Liderin uzaqgörən düşüncəsinin nəticəsidir. Ə.Muxtarov Prezident İlham Əliyevin müstəqil Azərbaycanın inkişafı və nüfuzu naminə bu strateji xətti yeni dünya münasibətlərinin tələbləri müstəvisində uğurla davam etdirdiyini və bu ziddiyyətli beynəlxalq şəraitdə Nizami fikrinin bəşəri əhəmiyyət kəsb etməsi məsələlərini qlobal forumlarda vurğuladığını qeyd edib.
Görüş zamanı səfir K.Osmonaliyev Nizami Gəncəvi Mərkəzinin onun doğma yurdunda fəaliyyət göstərməsinin təqdirəlayiq hal olduğunu dilə gətirib. Qonaq Gəncədə fəaliyyət göstərən alim və tədqiqatçıların qırğız həmkarları ilə əlaqələrinin qurulması və inkişaf etdirilməsi məsələlərinə də toxunub. K.Osmonaliyev, həmçinin Azərbaycan ilə Qırğızıstanın bir sıra şəhərləri, o cümlədən özünün doğma yurdu Oş ilə Gəncə arasında qardaşlaşmış şəhərlər əlaqələrinin yaradılması məsələsi ətrafında müzakirələr aparıldığını qeyd edib.
Fikir mübadiləsindən sonra səfirə AMEA Gəncə Bölməsi tərəfindən buraxılmış kitablar və Heydər Əliyev Fondunun nəşri olan “Nizami Gəncəvi Xəmsə miniatürləri” toplusu təqdim edilib. Bu kitablar Prezident İlham Əliyevin 2022-ci ilin oktyabr ayında Qırğızıstana dövlət səfəri zamanı Bişkek şəhərində açılışında iştirak etdiyi Nizami Gəncəvi adına 103 nömrəli orta məktəbə çatdırılacaq.
Kayrat Osmonaliyev də Gəncənin bu elm ocağına qırğız xalqının təşəkkül tapması və onun mədəniyyəti mövzularından bəhs edən “Qırğızlar” ensiklopedik nəşrini və bu xalqın tanınmış yazıçısı Alıkul Osmonovun “Zamandan zamana” kitabını bağışlayıb.