SİYASƏT
QIRĞIZISTANDA ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN 85, MİR CƏLAL PAŞAYEVİN 100 İLLİK YUBİLEYLƏRİ QEYD OLUNACAQDIR
AZƏRTAC xəbər verir ki, mayın 6-da Qırğızıstanda fəaliyyət göstərən Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu və Dünya Azərbaycanlıları Konqresi (DAK) Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə Bişkek şəhərində Qırğızıstan Dövlət Filarmoniyasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 85 illik yubileyi ilə əlaqədar təntənəli tədbir keçiriləcəkdir.
DAK Azərbaycan nümayəndəliyindən bildirmişlər ki, mayın 7-də isə yenə də həmin filarmoniyada görkəmli yazıçı, alim Mir Cəlal Paşayevin 100 illik yubileyi qeyd olunacaqdır.
Bu tədbirlərdə Azərbaycan Milli Məclisinin deputatları, DAK-ın Azərbaycan nümayəndəliyinin, Qırğızıstan dövləti və hökumətinin üzvləri, eləcə də bu ölkədəki Azərbaycan və türk diaspor təşkilatlarının nümayəndələri, hər iki ölkənin elm, mədəniyyət xadimləri iştirak edəcəklər.